Azərbaycanla Türkiyə arasında münasibətlərin hər hansı təsvir və təhlilə ehtiyacı olmadığını əksəriyyət birmənalı olaraq qəbul edir.
Həqiqətən də, Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsindən sonra qurulan bu əlaqələr öz mahiyyətinə görə bənzərsizdir. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipi bu münasibətləri ifadə edən ən dəqiq yanaşma kimi, hər iki ölkədə qəbul olunur və qiymətləndirilir.
Doğrudur, ikitərəfli əlaqələri qurulduğu 30 il ərzində Azərbaycan-Türkiyə münasibətlərində müəyyən dalğalanmalar baş verib. Ancaq məhz yuxarıda vurğulanan prinsip və iki qardaş xalqın dəyişməz tövrü ortaya çıxan anlaşılmazlığı ən qısa müddətdə aradan qaldırmağa imkan verib. O baxımdan, Azərbaycan-Türkiyə münasibətlərinin analoqsuz olduğunu söyləyənlərin əsla yanılmadıqlarını əminliklə təsdiqləmək mümkündür.
Azərbaycanla Türkiyə arasında dostluğun, hətta qardaşlığın fövqünə qalxmış münasibətlər ölkəmizin işğalçı Ermənistan üzərində möhtəşəm zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi ərəfəsində, savaşın gedişində və postmüharibə dövründə müsbət mənada inanılmaz məzmun qazandı. Türkiyənin o dönəmdə qlobal gücləri qarşısına alaraq Azərbaycana hərətərfli dəstəyini bir an da dayandırmamasının əldə olunan qələbəmizə böyük töhfə verdiyini ölkə rəhbərliyi də dəfələrlə vurğulayıb, buna görə xalqın minnətdarlığını çatdırıb.
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsi isə qardaş ölkələr arasında münasibətlərin inkişafına, bütün sahələr üzrə əlaqələrin genişləndirilməsinə, bir sözlə, strateji müttəfiqliyin dərinləşdirilməsinə yeni təkan verdi. Çox əlamətdar haldır ki, içində olduğumuz həftədə Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini ratifikasiya edərək, sözügedən sənədə zəruri hüquqi status qazandırdı.
Amma dərin təəssüflə qeyd edilməlidir ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən üst səviyyəyə yüksəldilməsindən narahat olanlar sadəcə, iki qardaş ölkənin yıpradılmasına çalışan beynəlxalq güclərlə məhdudlaşmır. Bir neçə gün əvvəl Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Aykut Ərdoğdu iki ölkə arasında imzalanmış enerji anlaşmalarının ədalətsiz təftişinə baş vuraraq, bu çərçivədə Azərbaycan və Türkiyənin siyasi rəhbərliyinə qarşı əsassız ittihamlar irəli sürüb.
Ümumiyyətlə, bu, CHP təmsilçilərinin istər ayrılıqda Azərbaycan əleyhinə, istərsə də Azərbaycan-Türkiyə münasibətlərinə yönəlik ilk pozuculuq və ictimai rəyi yanlış yönləndirmək cəhdi deyil. Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin gedişində də Türkiyənin əksər siyasi qüvvələri Azərbaycana birmənalı dəstəklərini bəyan etdikləri halda, CHP Ermənistanın uzunmüddətli işğal siyasətini pisləmək əvəzinə, “münaqişənin dinc yolla həllinin vacibliyini” bildirdi. Hətta CHP-ni təmsil edən bəzi deputatlar Ermənistana açıq dəstək verərək, işğalçı ölkənin “təcavüzə məruz qalması” haqda səs-küy salmaqdan da çəkinmədilər. Qısacası, xalqın iradəsi sayəsində hakimiyyət iddiaları hər seçkidə suya düşən və Qərbdən təlimatlandığı şübhə doğurmayan CHP müxalifət missiyası adı altında dövlətin təməllərini sarsıtmaq fəaliyyətində özü üçün bütün vasitələrin məqbulluğunu qəbul edib.
O baxımdan, Aykut Ərdoğdunun ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyi dönəmdə və Şuşa Bəyannaməsinin Milli Məclis və TBMM-də ratifikasiya olunduğu günlərdə belə bir təxribata əl atması heç bir halda təsadüf kimi qiymətləndirilə bilməz. Buna Türkiyəni və Azərbaycanı daim hədəfdə saxlayan, iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsindən, Bakı ilə Ankaranın birgə sinxron addımlarından narahat olan, qurduqları hər planın boşa çıxmasından daha da quduzlaşan beynəlxalq güclərin ardıcıl siyasətinin tərkib hissəsi kimi baxılmalıdır. Yeri gəlmişkən, nəzərdə tutulan dairələrin təmsilçiləri yalnız Türkiyədə deyil. Qərbin maraqlarının müti xidmətçilərinə çevrilənlər Azərbaycanda da az deyil və onlar da zaman-zaman səhnəyə çıxaraq münasibətlərə zərər vurmaq üçün əllərindən gələni edirlər. Bir müddət əvvəl Bakıda və başqa şəhərlərdə Türkiyə bayraqlarının yığışdırılması cəhdləri bu deyilənlərin sadəcə, bir nümunəsidir.
CHP-li deputatın sərsəm ittihamlarına isə Azərbaycan xarici siyasət idarəsinin sözçüsü Leyla Abdullayeva vaxtında cavab verərək, həmin iddiaların puçluğunu konkret faktlarla ortaya qoyub (https://yenicag.az/resmi-bakidan-chp-millet-vekilinin-ittihamlarina-cavab/).
Bir məsələ aydındır ki, Azərbaycan-Türkiyə qardaşlığını özləri üçün ən böyük təhlükə olaraq görənlər öz pozuculuq fəaliyyətlərinə ara verməyəcəklər. Belə bir şəraitdə ən doğru olanı ikitərəfli əlaqələrin genişləndirilməsi üçün mövcud olan potensialdan tam istifadə etməklə, Azərbaycan-Türkiyə münasibətlərinin örnəksiz olduğuna şübhə yeri qoymamaqdır.
“Yeni Çağ” Analitik Qrupu
www.yenicag.az