Dəyişkən havaların kənd təsərrüfatına TƏSİRİ: "Qarşıdakı günlərdə qar yağsa və şaxta düşsə..."
“Normadan artıq yağan yağışlar kənd təsərrüfatı məhsullarına ziyan vurmayacaq”.
Bu sözləri hava şəraitinin dəyişkən və yağıntılı keçməsinin kənd təsərrüfatı mallarına təsiri barədə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.
A. Nəsirlinin sözlərinı görə, hazırda ilin elə bir mövsümüdür ki, yağışların, qarın kənd təsərrüfatına ciddi mənfi təsirləri mövcud deyil:
“Artıq bağlardan meyvələr yığılıb, bostan bitkilərinin mövsümü keçib. Qapalı istixanalar ki var, onlar artıq ətraf mühitdən təcrid olunmuş formada istifadə edilir. Buna görə də mənfi təsirlərdən danışmağa dəyməz.
Amma müəyyən müsbət təsirlər də var. Hazırda havaların yağıntılı keçməsi torpaqda nəmliyin artmasına, soyumasına və bu soyuma nəticəsində zərərvericilərin dərin qatlara baş vurmasına gətirib çıxarır.
Digər tərəfdən, bir çox dənli bitkilər – arpa, buğda torpağa səpilib. Onların cücərməsi üçün torpağın nəmlənməsi əsas şərtlərdən biridir. Bu baxımdan, indiki yağıntılar torpağa səpilmiş dənli bitkilərə müsbət təsir göstərir. Eyni zamanda, havaların soyuması müsbət hal kimi dəyərləndirilməlidir. Çünki ağac gövdələrində yerləşən, özünü qış mövsümündən qorumağa başlayan zərərvericilər soyuğun təsirindən artıq ya ölürlər, ya yerdəyişmə edirlər.
Qarşıdakı günlərdə və aylarda qar yağsa, şaxta düşsə, bu, ilin daha effektiv və səmərəli olacağından xəbər verir”.
Sona Əliyeva












