“Diaspora ilə bağlı etdiyimiz işlərin üzərinə xətt çəkirlər” – Bülent Gürcam

media-hightechnic-468x90

 

Müsahibimiz uzun illər Azərbaycanın Avropadakı lobbi çalışmalarının mərkəzində yer alan tanınmış jurnalist və ictimai xadim Bülent Gürcamdır.

media-img_6710

 

– Bülent bəy, Türk dünyasının birliyi bu gün ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə Prezident İlham Əliyevin məsələ ilə bağlı davamlı şəkildə fəaliyyəti artıq Türk Dövlətləri Təşkilatının yalnız mədəni fəaliyyəti yox, həm də hərbi, siyasi istiqamətlərini gündəmə daşıyır.

– Uzun illər Brüsseldə bu barədə işləmişik. Təbii ki, o zaman ən vacib məsələ Qarabağ idi. Çünki Qarabağ problemi olduğu zamanda Türk dünyasından tam olaraq danışmaq düzgün deyildi. Qarabağ işğaldan qurtulmalı idi.

 

Qarabağın işğaldan qurtarılmasından sonra Zəngəzur dəhlizi məsələsi yenidən Türk dünyasını gündəmə gətirdi. Artıq bir addım öndəyik. Bir zaman xəyal idi, indi isə həqiqət. Zəngəzur dəhlizini Türk dünyasını birləşdirən körpü kimi görürük. Zəngəzur dəhlizi Türk dünyasının Orta Asiyaya açılan körpüsüdür.

Azərbaycan artıq Türk dünyasının mərkəzi olma yolundadır. Hətta Prezident İlham Əliyevə bununla bağlı məktub yazmışdım. Məsələn, Şuşanın mədəniyyət şəhəri olması, Qarabağın qurtuluşuna bütün türklərin sevinməsi göstərir ki, Türk dünyasının önündə çox da maneələr qalmayıb.

– Təbii ki, Qarabağ savaşı bir çağın qapanması, yeni bir çağın açılması oldu. Şimali Kipr məsələsi belə ondan sonra aktiv fazaya keçdi. Daha nələr edilməlidir?

 

– Biz Türk birliyinə ilk öncə iqtisadi birlik kimi baxmalıyıq. İqtisadi birləşmə isə hələ ki, tam alınmır. İllər sonra Türkiyə və Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilir.

Önümüzdə Avropa Birliyi kimi nümunə var. 1950-ci illərdə üç kiçik ölkə birləşib iqtisadi güclərini yüksəltdilər. Sonradan yavaş-yavaş böyüyüb 27 ölkə oldular. Biz də bunu belə görməliyik. Türk dövlətləri öz aralarında iqtisadi güc yaratmalıdırlar.

“Turanı qurub dünyanı ələ keçirəcəyik” kimi ifadələrdən uzaq durub avropalıları hürkütməmək lazımdır. Əslində iki qardaş ölkə, Azərbaycan və Türkiyə arasında sosial işbirliyi olmalıdır. Eyni zamanda iki qardaş ölkə vətəndaşları istər Türkiyə, istər Azərbaycana gəldikdə sosial haqlardan yararlana bilməlidir. Hazırda Türkiyədə azərbaycanlıların, Azərbaycanda isə Türkiyə vətəndaşlarının işləyərkən və ya sosial haqlardan istifadə edərkən bir çox problemləri var. Bunları yaxşılaşdırmamış və həll etməmiş birlikdən danışmaq çətindir. Vətəndaş hiss etməlidir ki, Türkiyə onun qardaşıdır, orada istədiyi kimi yaşaya bilər. Avropada belçikalı gedib Almaniyada işləyə bildiyi kimi, bizdə də bunun təməli qoyulmalıdır.

– Prezident İlham Əliyev son çıxışlarında beynəlxalq hüququn əslində gücə dayandığını xüsusilə vurğulayır. Ədalətsiz düzənin olmasına diqqət çəkir. Avropanın Qarabağ məsələsindəki münasibəti bizə bəllidir. ABŞ Prezidenti Donald Tramp da dünyada istədiyini etməyə çalışır. Həqiqətən beynəlxalq hüquq, sizcə, varmı?

– Beynəlxalq hüquq yoxdur, olmadı da. Bundan sonra da olmayacaq. Çünki beynəlxalq hüququn ola bilməsi üçün dünyada sülh lazımdır. Dünya isə sülhə çox uzaqdır. Böyük ölkələrin – ABŞ-nin, Rusiyanın, İranın, İsrailin və başqa-başqa ölkələrin bölgədə mənafeləri var.

Belçikada da siyasətçilər bir-birləri ilə “Tramp bunu deyir, niyə səs çıxarmırsınız?” münaqişəsindədirlər. Amma Trampa kimsə səs çıxara bilmir. Çünki o, böyük bir gücdür. Öz məntiqi ilə hərəkət edən adamdır. Gücünə görə də kimisi ona qarşı birləşir, kimisi isə qəbul eləmir.

Yaxın Şərqdə yenidən hərəkətlənmələr başlamalıdır. Parçalanmalar davam edir. Suriyada, İraqda, İranda parçalanma yaratmaq istəyirlər. Təbii ki, bu, regionda bizi də, Türkiyəni və Azərbaycanı ciddi risklər altına atır.

– Suriyada kürdlərlə və PKK ilə anlaşma vardı. Görünən odur ki, anlaşma pozulur. Kürdlərin hazırkı mövqeyi ilə bağlı nə düşünürsünüz?

– Kürdüstan yaradılmaq istənilir, bu çox açıqdır. Bir şəkildə yaradacaqlar. Burada da xarici güclərin mənfəəti odur ki, mövcud dövlətləri parçalasınlar. Türkiyə burada yanlış siyasət yürüdür. Birinci olaraq Suriyanın daxili işlərinə qarışmamalıdır. Türkiyənin içində PKK, torpaq iddiası olmasın, geri qalan yerlərdə kim nə edir bizə maraqlı deyil.

– Bəs İranda vəziyyət necədir? Çünki İranda kürd və ərəb bölgələrində aksiyalar başladı və daha sonra digər yerlərə keçdi. Daxildə, təbii ki, ciddi iqtisadi problemlər var, amma burada da xarici əlin olduğu açıq şəkildə görünür.

– İranda çox türk var. Bu türklərin isə lider problemi var. Onları düzgün istiqamətləndirəcək lider çıxara bilməyiblər. Ayaqlanmanın uzunmüddətli olmasına əsas əngəl də məhz budur. Birləşməyin mümkün olmayacağına inanıram. Güney Azərbaycanla Azərbaycan və ya Türkiyənin birləşməsi xəyaldır. Lakin Güney Azərbaycan türkləri yeni bir cumhuriyyət yaradarsa, Azərbaycan və Türkiyə qardaşlığı nümunəsi kimi dostluq münasibətləri qurula bilər. Bunun üçün öz dilləri, mədəniyyətləri var. Tək ümidimiz odur.

– İllər keçir, diaspora fəaliyyətləri davam eləyir. Nələr dəyişdi bu illər ərzində? Müsbətə doğru addım varmı?

– Ulu Öndər Heydər Əliyevin bir sözü vardır: “Harada, hansı ölkədə yaşamasına baxmayaraq, hər kəs azərbaycanlıdır”. Həmin insanlar hansısa şəkildə gediblər. Qaçan da olub, əsir düşən, siyasi fikirlərdən gedən də. Orada öz imkanları ilə diaspora yaradıblar. Biri də mən.

Diaspora olaraq gözəl yol aldıq, Qarabağ üçün xeyli işlər gördük. Kitablar yazdıq, məcmuələr çıxartdıq, dərgilər hazırladıq, iclaslar və toplantılar keçirdik, konfranslar təşkil etdik. Bunları birdən-birə silə bilməzsiniz. Ancaq diaspora ilə bağlı etdiyimiz işlərin üzərinə xətt çəkirlər, görməzdən gəlirlər. Lakin diaspora bir əməkdir. Yeni birisi gedib bizim etdiklərimizi edə bilməz, mümkün deyil.

– Diaspora fəaliyyətində davamlılıq niyə yoxdur? Buna səbəb nədir?

– Onlar bir şey bölə bilmirlər. Çünki burada şəxsi mənfəətlər var. Biz sadəcə düzgün yol göstərməyə çalışırıq. Bizim fikrimizi, proyektlərimizi alıb istifadə ediblər. Elə “Azərbaycan Evi” açılma hekayəsi də məndən başlayıb. Bizə gülənlər indi eyni adlar ətrafında birləşməyə çalışır.

Zənn edirlər ki, biz kimsə birinin önünə keçmək istəyirik. Bizim isə əsl niyyətimiz bizdən sonra gələnləri hazırlamaqdır. Mən konfrans verə, Azərbaycan diasporasının 50 illiyini anlada bilərəm. Amma bəzi insanlar bizi qəbullana bilmədilər. İtirən isə Azərbaycandır. İtirir də… Bunu mən dəfələrlə danışmışam. Amma nədənsə kimsə diqqət etmir.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı diasporadakı o düşüncələr bugünkü diasporanın içində yoxdur. Dünya azərbaycanlılarının hüquqlarının tanınması əsas prioritet olan diaspora fəaliyyətindən əsər-əlamət qalmayıb. Ona görə bəzi problemlər var ki, onlar ortadan qalxmalıdır.

Söhbətləşdi: Aqil Ələsgər

Qələmə aldı: Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa