Bakı və Vaşiqton arasında YENİ ERA: Azərbaycan qlobal sülhün əsas aktoruna çevrilir
“Belə addımlar uzunmüddətli perspektivdə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O, Prezident İlham Əliyevin dünya liderləri ilə görüşü, xüsusilə Azərbaycanın ABŞ ilə yaxın əlaqələrinin perspektivlərindən danışıb. Deputat bildirib ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində keçirdiyi görüşlər, xüsusilə ABŞ Prezidenti Donald Trampla səmimi dialoqu diplomatik, iqtisadi, eyni zamanda geosiyasi baxımdan olduqca əhəmiyyətlidir:
“Belə ki, bu, ilk növbədə Azərbaycan Prezidentinin siyasi lider kimi şəxsi nüfuzunu, eyni zamanda ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir. ABŞ Prezidenti Donald Trampla görüşdə bir daha Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmanın əhəmiyyətinə, Zəngəzur dəhlizi, eyni zamanda TRİPP layihəsinə toxunuldu. Artıq regionda sülhün möhkəmlənməsi və qarşılıqlı ticarət əlaqələrinin başlanması kimi real nəticələr müşahidə olunmaqdadır.”
Bakı–Vaşinqton münasibətləri son illərdə enerji təhlükəsizliyi, tranzit marşrutları və regional sabitlik məsələləri ilə əlaqədar daha strateji səviyyəyə yüksəlir. Bu da ABŞ–Azərbaycan əməkdaşlığının yalnız regional deyil, qlobal səviyyədə də geniş perspektivlər açdığını göstərir.
Məlum olduğu kimi, ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasında Azərbaycan da təmsil olunur. Bu fəaliyyət Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından vacibdir. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması isə şübhəsiz Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlığın, ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümüdür.
Eyni zamanda Azərbaycan tərəfinin bu təşəbbüsə dəvət olunması ölkənin qlobal sülh məsələlərində fəal iştirakını göstərir. Bu, həm də Azərbaycanın qlobal təhdidlərə, münaqişələrə yanaşmada mühüm aktor olması mesajını verir. Belə addımlar uzunmüddətli perspektivdə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












