Qərbdə şübhə yaratmaq CƏHDİ: İranın Zelenski ittihamının pərdəarxası – "Bu, siyasi manevrdir”
“Zelenskini “vergi ödəyicilərinin pullarını yuyan lider” kimi təqdim etmək Qərb ictimai rəyində şübhə yaratmaq məqsədi güdür”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

O, İranın XİN rəhbəri Abbas Əraqçinin çox ciddi iddia ilə çıxış edərək Ukrayna Prezidenti Volodimir Zelenski haqqında “Amerika və Avropa vergi ödəyicilərinin pullarını yuyur” bəyanatı səsləndirməsinin pərdəarxası məqamlarını şərh edib. Siyasi şərhçi bildirib ki, bu ittiham ilk baxışdan emosional və kəskin bəyanat təsiri bağışlasa da əslində daha dərin geosiyasi və ideoloji kontekstə malikdir:
“Belə iddialar adətən faktlardan çox, siyasi mesaj daşıyır və konkret hədəflərə hesablanır. İlk növbədə qeyd etmək lazımdır ki, İran–Ukrayna münasibətləri son illər xüsusilə gərginləşib. Zelenskinin beynəlxalq platformalarda, o cümlədən Davos İqtisadi Forumunda İranda etirazların zorakılıqla yatırılmasını tənqid etməsi Tehran tərəfindən daxili işlərə müdaxilə kimi qiymətləndirilib. İran hakimiyyəti bu cür çıxışları Qərbin ideoloji təzyiq aləti hesab edir. Məhz bu fonda Zelenskinin şəxsi reputasiyasını hədəfə alan ittihamlar cavab reaksiyası kimi ortaya çıxır.”
Digər tərəfdən, İranın bu bəyanatı daxili auditoriyaya yönəlmiş siyasi mesaj xarakteri də daşıyır. Rəsmi Tehran uzun illərdir ki, xarici asılılıqdan uzaq, müstəqil müqavimət modeli ideyasını təbliğ edir. Ukraynanın Qərbdən geniş maliyyə və hərbi yardım alması isə İranın bu narrativinə zidd nümunə kimi təqdim olunur. Zelenskini korrupsiyada və maliyyə sui-istifadəsində günahlandırmaqla İran hakimiyyəti həm Qərbin Ukraynaya dəstəyini gözdən salmağa, həm də öz modelini mənəvi baxımdan üstün göstərməyə çalışır.
Bununla yanaşı, bəyanata daha geniş qlobal qarşıdurma kontekstinə də baxmaq lazımdır. İran, Rusiya və Qərb arasında formalaşmış geosiyasi cəbhələşmə fonunda Ukrayna münaqişəsi təkcə regional savaş deyil, həm də ideoloji mübarizə meydanıdır. Bu mübarizədə faktlardan çox narrativlər, ittihamlar və informasiya müharibəsi ön plana çıxır. Zelenskini “vergi ödəyicilərinin pullarını yuyan lider” kimi təqdim etmək Qərb ictimai rəyində şübhə yaratmaq məqsədi güdür.
Bu iddialar əsaslıdırmı? Qeyd edim ki, hazırda Zelenskinin və ya Ukrayna rəhbərliyinin Qərbdən alınan yardımları sistemli şəkildə “pul yuma” mexanizminə çevirməsi barədə beynəlxalq səviyyədə təsdiqlənmiş faktlar mövcud deyil. Ukraynada korrupsiya problemlərinin olması etiraf edilən reallıqdır və bu sahədə müəyyən qalmaqallar da yaşanıb. Lakin belə hallar İranın səsləndirdiyi kimi genişmiqyaslı, planlı və beynəlxalq maliyyə cinayəti iddiasını sübut etmir.
Odur ki, İranın Zelenskini hədəfə alan bəyanatı faktoloji əsaslardan daha çox siyasi motivlərə söykənir. Bu, həm cavab xarakterli diplomatik hücum, həm daxili auditoriya üçün ideoloji mesaj, həm də Qərbin Ukraynaya verdiyi dəstəyin legitimliyini şübhə altına almağa yönəlmiş informasiya manevridir. Mövcud şəraitdə bu iddiaları obyektiv həqiqətdən çox, geosiyasi ritorikanın bir hissəsi kimi dəyərləndirmək daha düzgün olar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












