“Diffamasiya” haqqında qanun mətbuata nə verəcək?
Əflatun Amaşov: “Bu qanun jurnalistlər arasında həbs olunmaq xofunu aradan qaldıracaq”
Aydın Quliyev: “Fəlakətli münasibətlərə gətirib…”
Azərbaycanda uzun mnüddətdir ki, “Diffamasiya Haqqında” qanunun qəbulunun vacibliyindən danışılır. Amma məsələ hələlik, gözlənilən sonluğa çatmayıb. Hələlik, ölkəmizdə bu qanun qəbul edilməsə də, jurnalistlərin yazdıqlarına görə, həbs edilməsinə moratorium qoyulub. Görəsən, “Diffamasiya Haqqında” qanunun qəbulu Azərbaycan mətbuatına nə verəcək?
Mətbuat Şurasının sədri Əflatun Amaşov Yenicag.az-a açıqlamasında qeyd etdi ki, belə bir qanunun olması medianın dövrün tələblərinə cavab verməsi demək olacaq: “Diffamasiya məsələsinə gəldikdə, deməliyəm ki, əksər ölkələrdə bu məsələ öz həllini tapıb. Yəni jurnalistin yazdığına görə, qanunvericilikdə həbsi nəzərdə tutulmur. Məsələ ancaq, mülki müstəvidə həllini tapır. Burada jurnalistin ən ağır cəzası iri həcmdə cərimə tətbiqi, xəbərdarlıqlar ola bilər. Amma hətta Avropanın bir sıra ölkələrində də bu məsələ hələlik öz həllini tapmayıb. Ölkəmizdə bu istiqamətdə qanun layihəsi hazırdır. Milli Məclisə təqdim olunub. İnanmaq istərdim ki, Azərbaycanda da “Diffamasiya Haqqında” qanun olacaq. Bu qanunun olması jurnalistlər arasında həbs olunmaq xofunu aradan qaldıracaq. Onu da deyim ki, artıq 8-10 ilə yaxındır jurnalistlər Cinayət Məcəlləsinin 147-148-ci maddələri ilə cəzalanmır. Bu məsələdə veto qoyulub. Qanunun qəbulu media ilə bağlı qanunvericiliyin zənginləşməsi, dövrün tələblərinə cavab verə bilməsi də demək olacaq. Eyni zamanda, yurnalistlər qarşısında da məsuliyyəti artırar. Onlar peşələrinə daha məsuliyyətli yanaşar. Ancaq təəssüf ki, Azərbaycan jurnalistikasında bəzi məqamlarda həmin maddənin prinsipləri bilərəkdən pozulur. Amma əminəm ki, cəmiyyyət inkişaf etdiyi kimi, Azərbaycan jurnalistikası da inkişaf edir və edəcək. Qanunvericilik bazası təkmilləşəcək, jurnalistlərin peşəkarlığı artacaq”.
Yenicag.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, bu istiqamətdə addım atılması jurnalist məsuliyyətinin xeyli dərəcədə artmasına gətirib çıxaracaq: “Diffamasiya Haqqında” qanunun qəbulunun artıq vaxtıdır. Ən azı bir neçə səbəbə görə. Birincisi diffamasiya haqqında qanunla bağlı Azərbaycanla bəzi beynəlxalq təşkilatlar arasında müəyyən qədər soyuq münasibət var. Yəni bir sıra beynəlxalq təşkilatlar bu qanunun Azərbaycanda qəbul olunmasını umur və gözləyirlər. Düşünürəm ki, onun qəbulu həmin təşkilatlarla Azərbaycanın münasibətlərində yaxşılığa doğru xeyli dəyişiklik yarada bilər. İkinci bir tərəfədən, diffamasiya qanunu Azərbaycanda medianın bu illər ərzində nə qədər böyük inkişaf yolu keçdiyinin, sivil fəaliyyət qaydaları və ənənələri kəsb etməsinin göstəricisi olacaq. Bununla ölkəmiz nümayiş etdirəcək ki, həmin qanunun qəbulu heç də jurnalistlərlə dövlət və cəmiyyət arasında, bəzilərinin gözlədiyi kimi çox fəlakətli münasibətlərə gətirib çıxarmayacaq. Digər tərəfdən, bu istiqamətdə addım atılması ölkədə jurnalist məsuliyyətinin xeyli dərəcədə inkişafı və onun daha məsuliyyətli institut olmasına səbəb ola bilər. Bir sözlə, indiki şəraitdə “Diffamasiya Haqqında” qanunun qəbulunu məqbul sayıram. Düşünürəm ki, gec-tez bu addım atılacaq”.
Rüfət/Yenicag.az