Dövlət İmtahan Mərkəzinin (DİM) orta məktəblərdə təşkil etdiyi buraxılış imtahanlarının formatı ciddi narazılıq doğurub.
Yenicag.az xəbər verir ki, 10 və 11 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) 29 şəhər və rayonda orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 22 min 748 şagird üçün buraxılış imtahanı keçirib.
Lakin bir sıra şagird və valideynlər builki buraxılış imtahanında haqsızlıqların olduğunu iddia edirlər. Hətta bəzi müəllimlər də imtahanların ədalətli keçirilmədiyi haqda fikirlərə qoşulublar.
Redaksiyamıza daxil olan məlumata görə, iyunun 10-da keçirilən buraxılış imtahanının sualları ilə 11 iyunda keçirilən imtahanın sualları çox fərqli olub. Belə ki, iyunun 10-da Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə keçirilən buraxılış imtahanının sualları ötən gün Nərimanov rayonunda keçirilən imtahanın sualları ilə müqayisədə son dərəcə mürəkkəb olub.
Halbuki pandemiya dövrü ilə əlaqədar abituriyentlərə güzəşt tətbiq olunacağı bildirilsə də, bu gözləntilərin doğrulmaması ciddi narazılığa səbəb olub. Buna görə də, əksər abituriyent və valideynlər buraxılış imtahanlarının nəticələrinin ləğv olunmasını və imtahanların hər kəs üçün eyni formatda keçirilməsini tələb edirlər.
Gülşən Şərif
www.yenicag.az