Moskva ilə körpülər yanır: Rusiya-Ermənistan münasibətlərində geridönməz mərhələ
“Ermənistan Rusiya barəsində artıq öz seçimini edib.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Paşinyanın son açıqlamasında Rusiyanın maraqlarının Ermənistandan üstün olmadığını bildirməsini şərh edərək qeyd edib ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaq seçimini edib:
“Ermənistan Baş naziri Paşinyanın – Serj Sarkisyanın etdiyi kimi Avropa İttifaqı ilə Assosiasiya sazişindən tamamilə imtina edərək, bir gecənin içində Avrasiya İttifaqı və Gömrük İttifaqı ilə bağlı saziş imzalamayacağını, yəni Putinə tabe olmayacağını vurğulaması o deməkdir ki, Baş nazir konkret olaraq Rusiya orbitindən uzaqlaşacağı mesajını verir. Ermənistanın tamamilə siyasi kursunun artıq Avropa və avrointeqrasiya olduğunu qeyd edir. Bu, Paşinyan tərəfindən Putinə bir növ qəti və geridönüşü olmayan mesajdır. Rusiya tərəfi Paşinyandan konkret olaraq Aİ ilə bağlı referendum keçirilməsini tələb edir. Düşünürəm ki, Paşinyanın artıq Rusiya ilə bağlı konkret qərarları var və bu qərarların qüvvəyə minməsini, praktik olaraq həyata keçirilməsini hüquqi cəhətdən tamamilə reallaşdıracaq, xüsusilə Avropa İttifaqına qəbul istiqamətində böyük siyasi qərarlar qəbul edəcək. Rusiya-Ermənistan münasibətləri geridönməz bir mərhələyə keçib, xüsusilə siyasi müstəvidə. Rusiya hələ də hər nə qədər Ermənistana taxıl, gübrə göndərsə də, tərəflər arasında siyasi münasibətlər gərginləşməyə doğru davam edir. Paşinyanın Putin barəsində dedikləri də o deməkdir ki, artıq Ermənistan tərəfi öz seçimini edib.”
Nurlan Cəfəri













