!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM "yarpaq" məsələsinə aydınlıq gətirdi - İZAH

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına fevralın 28-də keçirilən qəbul imtahanında bakalavrlara təqdim olunan bəzi test tapşırıqlarının sosial şəbəkələrdə müzakirələrə səbəb olmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ekspertlərinin həmin tapşırıqları yenidən araşdırdığı və onlarda heç bir elmi-metodik qüsur aşkar edilmədiyi qeyd olunub.

Bildirilib ki, ağacın yarpaqları ilə bağlı test tapşırığının məzumunu isə sosial şəbəkələrdə təhrif edilmiş formada təqdim edilib: “Məntiqi təfəkkürün yoxlanılması ilə bağlı test tapşırıqları ilə bakalavrların praktiki riyazi təfəkkürünün inkişaf səviyyəsi, ədədlər arasındakı qanunauyğunluğu aşkaretmə qabiliyyətləri, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə və digər bacarıqları yoxlanılır. Dünya praktikasında olduğu kimi, DİM-in istifadə etdiyi test tapşırıqları da cəmiyyət həyatının müxtəlif sahələri, təbiət hadisələri, canlı aləm, insan və onu əhatə edən ətraf mühit və digər mövzular əsasında qurula bilər və burada qeyri-adi heç bir şey yoxdur”.

Məlum olduğu kimi, məntiqi təfəkkürü yoxlayan testlərdən maksimal olaraq 50 bal toplamaq mümkündür. Bu imtahanda 4 nəfər məntiq üzrə təqdim olunan bütün suallara düzgün cavab verib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub). Bakalavrların nəticələrinin qənaətbəxş olduğunu söyləyə bilərik. Sosial şəbəkələrdə daha çox müzakirə olunan ağacın yarpaqları ilə bağlı olan sualı və onun həll yollarını təqdim edilib.

Qeyd edək ki, imtahanda namizədlərə aşağıdakı mətn əsasında 3 ayrı test tapşırığı verilib. Hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir. Yəni bakalavrlar bir mətn əsasında tərtib olunmuş 3 sualdan 3 bal toplamaq imkanına malikdirlər. Bu tapşırıq bir riyazi məntiq məsələsidir və burada yarpağın natural ədədlərlə verilmiş sayına fikir verib onu həll etmək lazımdır, nəinki tapşırığı yersiz tənqid etmək.

“Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdü. Çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş, qalanını su aparmışdı. Otların üstünə tökülmüş yarpaqlardan rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunurdu və onların sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otların üstünə tökür. Həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq yarısını otların üstünə tökür, digər yarısını isə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə birlikdə axan çaya qovuşdurur”.
1-ci test tapşırığının sualı:
Yarpaqlardan ən azı neçəsini su aparıb?
Test tapşırığının həlli:
Suyun apardığı yarpaqlar:
a. skamyaya düşmüş yarpaqların 60%-nin yarısı, yəni skamyaya düşmüş yarpaqların 30%-i ;
b. çaya tökülən yarpaqların 1/3 hissəsinin (çaydakı daşlara ilişmiş) 1/4 hissəsi, yəni çaya tökülən yarpaqların 1/12 hissəsi (1/3 x 1/4 = 1/12);
c.çaya tökülən yarpaqların 2/3 hissəsi (tökülən kimi suyun apardığı yarpaqlar) (1-1/3=2/3).
a. 30%-i tam ədəd olan ən kiçik ədəd 10-dur. 10×0,3=3 yarpaq.
b. 1/12 hissəsi tam ədəd olan ən kiçik ədəd 12-dir. 12×1/12=1 yarpaq.
c. 12×2/3=8 yarpaq.
Suyun apardığı ən azı 3+1+8=12 yarpaq ola bilər.

2-ci test tapşırığının sualı:
Ağacda ən azı neçə yarpaq var idi?
Test tapşırığının həlli:
Ağacda olan yarpaqlar:
a. skamyaya düşənlər – ən azı 10 yarpaq (30%-i tam ədəd olan ən kiçik ədəd 10-dur) ;
b. çaya tökülənlər – ən azı 12 yarpaq (1/12 hissəsi tam ədəd olan ən kiçik ədəd 12-dir) ;
c. otların üstünə tökülənlər – ən azı 8 yarpaq, yəni 1 yaşıl, 3 qırmızı və 4 sarı (qırmızıların sayı tək ədədlə ifadə olunur və onların sayı sarıdan az, yaşıldan çoxdur);
d. sonradan əsən külək nəticəsində ağacdan qopan daha 6 yarpaq.
Ağacda ən azı 10+12+8+6=36 yarpaq ola bilərdi.

3-cü test tapşırığının sualı:
Aşağıdakılardan hansını(ları) müəyyən etmək mümkündür?
I. Çay daşlarına ilişib qalan yarpaqların sayını
II. Otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayını
III. Ağacda olan yarpaqların maksimum sayını
Test tapşırığının həlli:
I. Çay daşlarına ilişib qalan yarpaqların sayıni müəyyən etmək mümkün deyildir, çünki 1/12 hissəsi tam ədəd olan ədədlərin sayı sonsuzdur (12, 24, 36, 48 və s.);
II. Otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayı 1-dir.( 1 yaşıl, 3 qırmızı və 4 sarı);
III. Ağacda olan yarpaqların maksimum sayını müəyyən etmək mümkün deyildir, çünki onların sayı sonsuz ola bilər (məsələn: 36, 72 , 108 və s.).

Beləliklə, yalnız otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayını müəyyən etmək mümkündür.

www.yenicag.az

1902
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv