DİN-dən sürücülərə Xəbərdarlıq
Xəbərdarlıq edildiyi kimi, hazırda ölkəmizdə yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava şəraiti müşahidə olunur.
Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.
Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər.
Bir daha bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli davranmağa, diqqətli olmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək və ayıq-sayıq olmaq, mümkün təhlükələrin qarşısını almağın əsas şərtidir.











