Dini radikallığa qarşı "MEDİA QALXANI": "Sosial şəbəkə kirlədir, peşəkar media təmizləyir"
Müasir dövrdə ictimai rəyin formalaşması prosesində medianın təsiri hər keçən gün artmaqdadır.
Xüsusilə Azərbaycan kimi multikultural dəyərlərə sahib ölkələrdə media milli-dini tolerantlığın təbliğində əsas hərəkətverici qüvvə lokomotiv rolunu oynamalıdır. Düzgün informasiya siyasəti vasitəsilə dini fanatizm və etnik ayrseçkiliyin qarşısını almaq mümkün olsa da, burada jurnalist peşəkarlığı və həssaslığı ən vacib amil kimi çıxış edir.

Yadigar Məmmədli: “Media sosial şəbəkələrin yaratdığı kirliliyi təmizləyən filtrdir”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, tanınmış jurnalist Yadigar Məmmədli Yenicag.az-a açıqlamasında bildirib ki, ilkin məlumatlar sosial şəbəkələrdən alınsa da, medianın “təsdiqedici” funksiyası əvəzolunmazdır:
“Ağıllı oxucu “TikTok” və digər platformalarda qarşılaşdığı görüntülərin əsl məğzini öyrənmək üçün məhz peşəkar mediaya müraciət edir. Media sosial şəbəkələrdəki dezinformasiyanı ayırd edən, informasiyanı duruldan bir mərkəzdir. Yeni texnologiyalar yaransa belə, medianın bu funksiyası əbədi qalacaq”.
Yadigar Məmmədli Azərbaycanın tolerantlıq mühitinin qədim köklərə malik olduğunu və bunun bir həyat tərzi olduğunu vurğulayıb:
“Biz gözümüzü açanda belə tərbiyə görmüşük ki, qonşumuzun dinindən, dilindən asılı olmayaraq hər kəs bu ölkənin bərabərhüquqlu vətəndaşıdır. Media bu gün sənədli filmlər və xüsusi çarxlar vasitəsilə milli azlıqların adət-ənənələrini işıqlandıraraq bu həmrəyliyə real töhfə verir”.
Hacıbəy Heydərli: “Təqdimat dili radikallıqdan tamamilə uzaq olmalıdır”

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Yenicag.az-a açıqlamasında bildirib ki, media cəmiyyətin fikrini formalaşdıran aparıcı platformadı .
Onun sözlərinə görə, xəbərlərin təqdimat dili insanların hadisələrə yanaşmasına birbaşa təsir göstərir:
“Stereotiplərdən uzaq, balanslı və qərəzsiz yanaşmalar müxtəlif din və millətlərə hörmət mədəniyyətini gücləndirir. Tolerantlıq mövzusu mediada nə qədər çox müzakirə olunarsa, ictimai həssaslıq da bir o qədər yüksələr”.
Hacıbəy Heydərli xüsusilə vurğulayıb ki, dini-milli mövzuların təqdimatında hər hansı qarşıdurma yaradan ritorikaya yol verilməməlidir:
“Əksinə, dialoq və qarşılıqlı hörməti təşviq edən yanaşma üstün tutulmalıdır. Sağlam informasiya mühiti sosial həmrəyliyin və mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”;” mövzusu üzrə dərc olunub.

Məsimə Məmmədova












