Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar – Yenilənib
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar.
Yenicag.az APA-nın Qarabağa ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, nümayəndə heyətinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Memorialın bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edildiyi bildirilib.
Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
***
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura bərpa və iqtisadi inkişaf layihələri ilə tanışlıq məqsədilə növbəti səfəri başlayıb.
Yenicag.az xəbər verir ki, bu gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.
İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.













