Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Yenicag.az xəbər verir ki, ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunub və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılıb.
Qeyd olunub ki, bu, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması ilə əlaqədardır.
“Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur”, məlumatda bildirilib.
www.yenicag.az