“Belə bir sanksiyanın tətbiqi Rusiya bankları və milli valyutası üçün heç də arzuolunan deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Rusiya banklarının dollardan istifadəsinə qadağa qoyan qanun layihəsini müzakirəyə çıxarmasına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
Vüqar Bayramovun sözlərinə görə, ABŞ-ın bu addımı rublun dollar qarşısında dəyər itirməsini daha da sürətləndirəcək:
“Bildiyiniz kimi, ABŞ-ın belə bir qanunu ötən il İrana qarşı qəbul olunmuşdu və həmin ölkənin banklarına da dollardan istifadə qadağan edilmişdi. Bunun nəticəsində İranda dollar kifayət qədər bahalaşdı və o proses hələ də dayanmayıb. ABŞ-ın indi də Rusiya banklarına dollardan istifadəni qadağan etməyə hazırlaşması bu ölkənin bank sektoru, eyni zamanda valyuta bazarı üçün kifayət qədər ciddi təhlükələr yaradacaq.
Belə vəziyyət bankların əməliyyat aparmalarını ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, eyni zamanda, Rusiyada rublun məzənnəsinə ciddi təzyiq yaradacaq. O baxımdan, ABŞ-ın Rusiya banklarına dollardan istifadəni qadağan edəcəyi təqdirdə ölkənin bank-maliyyə sektoru, bütövlükdə iqtisadiyyatı böyük zərər görəcək”.
Ekspertin fikrincə, ABŞ-ın bu addımı həm də Rusiya banklarının beynəlxalq reytinqini sarsıdacaq:
“Belə bir qadağa Rusiya banklarının beynəlxalq reytinqinə də mənfi təsir göstərəcək və bu da bankların əməliyyat aparmaq imkanlarını xeyli məhdudlaşdıracaq, həmçinin ümumi dövriyyələrinə mənfi təsir göstərəcək, valyuta bazarına təzyiqlər artacaq.
Digər tərəfdən, ABŞ-ın nəzərdə tutulan qadağası Rusiya əhalisinin nağd dollarlaşma səviyyəsinin artımına və nəticədə rubl üzərinə təzyiqin güclənməsinə və nəticədə onun kəskin ucuzlaşmasına səbəb olacaq”.
Qeyd edək ki, ABŞ Konqresi Rusiya banklarının dollardan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
ELÇİN
www.yenicag.az