Dostluq maskası altında hücum: Bakı və Ankara İrana qarşı hansı addımı atacaq? - VİDEO
“Türkiyə və Azərbaycan regional sabitliyi, regional sülhü müdafiə edən iki strateji tərəfdaşdır”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.
O, Türkiyə və Azərbaycana İran ərazisindən edilən hücumlar və artan təhdidlərlə bağlı fikirlərini bölüşüb. Siyasi şərhçi bildirib ki, bölgədə yaşanan gərginlik fonunda həm Türkiyəyə, həm də Azərbaycana İran ərazisindən raket və dron zərbələrinin endirilməsi regional sabitlik baxımından qəbulolunmazdır:
“Türkiyədə bu vəziyyət “saxta bayraq əməliyyatı” (false flag) kimi qiymətləndirilir. Yəni, birbaşa Türkiyə və Azərbaycan hədəf alınmasa belə, bəzi ehtimallara görə, bu hücumlar İran daxilindəki müəyyən radikal strukturlar tərəfindən yönləndirilir. Məqsəd isə hər iki ölkənin təhlükəsizlik sistemlərini sınağa çəkmək və təzyiq yaratmaqdır.
Türkiyə və Azərbaycan regional sülhün qarantıdır. Xüsusilə İranın cəlb olunduğu müharibə mühitində, Türkiyə bu cür hücumları qəbul etmədiyini bütün dünyaya bəyan edib. Buna rəğmən, həm Naxçıvana, həm də Türkiyəyə qarşı yönələn bu təhdidlər iki ölkənin ortaq təhlükəsizlik siyasəti ilə layiqli cavabını tapacaqdır.
Unudulmamalı olan bir həqiqət var: Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi mövcuddur. Bu sənəd bölgədə bənzəri olmayan ikitərəfli təhlükəsizlik təminatı daşıyır. Regional sülhü müdafiə edən Bakı və Ankara, risklər fərqli mərhələyə keçdikdə və təhdidlər hər iki ölkəyə qarşı yönəldikdə, Şuşa Bəyannaməsinin bütün bəndlərini dərhal tətbiq edəcəkdir. İranın qonşuları Azərbaycan və Türkiyədir; hər iki dövlət İranın dostudur, lakin təhlükəsizliyimiz qırmızı xəttimizdir”, — deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov













