Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 8 il ötür.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaradılmasının ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramına və milli varlığımızı, qədim adət-ənənələrimizi, ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.
Dövlət Miqrasiya Xidmətinin 8 il ərzində keçdiyi xidmət yolu barədə məruzə ilə çıxış edən Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib.
Azərbaycana gələn miqrantların sayı ildən-ilə artmaqdadır. Çünki respublikamızda böyük inkişaf, iqtisadi artım yaşanır və bu da ölkəmizi miqrantlar üçün cəlbedici edir. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.
DMX-nin qısa zamanda böyük inkişaf yolu keçdiyinə diqqət yetirən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin həyatında yaddaqalan ən önəmli hadisələrdən biri kimi ötən il Xidmətin yeni inzibati binasının tikintisi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyul 2014-cü il tarixli sərəncamını qeyd edib.
Minnətdarlıqla qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmayıb və bir çox miqrasiya qulluqçusu dövlət mükafatlarına layiq görülüb.
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının növbəti ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncamlarla miqrasiya qulluqçularından 1 nəfərinə “II dərəcəli dövlət miqrasiya xidməti müşaviri” ali xüsusi rütbəsi verilib, 1 nəfər “III dərəcəli “Vətənə xidmətə görə”” ordeni ilə təltif edilib, 11 əməkdaş “Miqrasiya qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
Xidmət rəisi deyib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur, müasir dövrün tələbləri nəzərə alınmaqla miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, kadrların bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarlar keçirilir, müasir texniki avadanlıqlarla təmin edilməklə Xidmətin infrastrukturu genişləndirilir.
Sözügedən qurumun bir xidmət sahəsi kimi beynəlxalq standartlara malik olduğunu deyən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qeyd edib ki, bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılır, regional miqrasiya idarələrinin əksəriyyəti üçün inzibati binalar tikilib, yüksək xidməti şərait yaradılıb.
Xidmət rəisi əminlik ifadə edib ki, bu ilin yayında ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirmək üçün bütün qüvvə və səylərini səfərbər edəcəklər.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü və peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin, xidmət rəisinin imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənmiş əməkdaşlardan 53-ü fəxri fərman, 7-si “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 42 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr təqdim edilib.