Ötən gün “Boulevard Hotel”də Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin Novruz bayramı və 1 illik hesabat tədbiri keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, Adil Əliyev, Sahib Əliyev, Yeni Zelandiyanın keçmiş baş naziri Ceyms Bolger, tanınmış ziyalılar, ictimai xadimlər, Türkiyə və Təbrizdən gəlmiş qonaqlar, incəsənət və media nümayəndələri iştirak ediblər.
Tədbir Çanaqqala zəfərinin ildönümü ərəfəsinə təsadüf etdiyindən qonaqlar şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova təşkilatın yaranmasının Novruz bayramı və Çanaqqala zəfərinin ildönümü ərəfəsinə düşməsindən sevinc hissi keçirdiyini ifadə edib.
Millət vəkili Azay Quliyev sədri olduğu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilata dəstək verməyə hazır olduğunu bildirib və onlara gələcək işlərində uğurlar arzu edib.
Deputat bütün Azərbaycan xalqını və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.
Millət vəkili Qənirə Paşayeva çıxışında Qarabağ uğrunda canını verən qəhrəman şəhidlərin xatirəsini yad edib.
Millət vəkilləri Azay Quliyev, Qənirə Paşayeva, Adil Əliyev və digər bir sıra tanınmış simalar təşkilatın fəxri üzvü seçiliblər.
Daha sonra tədbir iştirakçıların çıxışı, Türkiyədən, Təbrizdən gələn və Azərbaycanın tanınmış müğənnilərinin ifaları ilə davam edib.
Emin Səfərov
www.yenicag.az