Fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Əlavə edilib ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.
Eyni zamanda, qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib./Apa/
www.yenicag.az