Reklam: High Technic
hightechnic

“Dövlətə qənim kəsilən məmurlar istisnasız cəzalandırılmalıdırlar” – Keçmiş dövlət müşaviri

Reklam: High Technic

“Rüşvətxor məmurlar işdən çıxarılarkən vaxtilə topladıqları qanunsuz sərvəti özlərində saxlamalarına imkan verilməməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda müxtəlif səviyyəli bir çox məmurların qanunlara zidd fəaliyyətlərinə son qoyulması zərurətindən danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında etimadı doğrultmayan məmurların vəzifədən azad ediləcəklərini və əsas olacağı təqdirdə cəzalandırılacaqlarını bildirib:

“Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır.

Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.

Qeyd olunan məsələ ilə bağlı Yenicag.az-a danışan Qabil Hüseynlinin fikrincə, dövlətin inkişaf yolunda əngələ çevrilən məmurlar barəsində ən sərt tədbirlər görülməlidir:

“Açığı, işində yol verdiyi nöqsanlara görə işdən çıxarılan məmurların qanun çərçivəsində cəzalandırılmalarına dair nümunələrin çox olduğunu demək çətindir. Əslində isə yarıtmaz məmurlar vəzifədən çıxarılarkən, onların vaxtilə qanunsuz yollarla, səlahiyyətlərdən sui-istifadə etməklə topladıqları sərvətdən rahatlıqla faydalanmalarına imkan vermək olmaz.

Ümumiyyətlə, hesab edirəm ki, təyin olunduğu vəzifədə özünü doğrulda bilməyən məmurları tutduqları postda uzun müddət saxlamaq doğru deyil. Öz funksiyasını yerinə yetirə bilməyən, dövlətin ümumi siyasətinin həyata keçirilməsinə əngəl olan kadrlarla vaxtında vidalaşmaq lazımdır. Əks halda, onların rəhbərlik etdikləri sahələr üzrə problemlər daha da dərinləşəcək.

Yuxarıda da qeyd etdim ki, işinin öhdəsindən gələ bilməyən, bu azmış kimi, qanunsuz yollarla böyük sərvət toplayan məmurlar ən sərt şəkildə, hətta başqalarına ibrət olacaq tərzdə cəzalandırılmalıdırlar. Mən cəza deyərkən, əlbəttə ki, orta əsr üsullarını, edam və sair vasitələri nəzərdə tutmuram. Burada qanunun sərt üzü özünü göstərməlidir.

Prezidentin son müşavirədə məmurların fəaliyyətinə ətraflı toxunması da göstərir ki, onların müəyyən hissəsi edilmiş xəbərdarlığın ciddiliyini tam anlamırlar. Ona görə də, belə məmurlara güzəşt olmamalı, onlar əməllərinə görə cəzalarını almalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

5836