Döyüşə keşişlər gedir

media-hightechnic-468x90

zahid_orucAvropanın siyasi paytaxtlarında yüz ilin soyqırımı müzakirələrinin tərəddüdlə və Türkiyənin kəskin dirənişi şəraitində keçdiyi günlərdə Roma kilsəsinin dini liturgiya üslubundan daha çox hakim sifətilə çıxardığı qərar nəhayət,ermənilərin hüquqi iddialara baş vuracağının anonsu idi. Müstəqillik qazanandan 10 il sonra beynəlxalq məhkəmələrə müraciət etməyə səlahiyyət qazanan Ermənistanın tarixi keçmişinin qisasını almaq üçün parlamentlərə və hökumətlərə baş əydiyi halda, Nürmberq mühakiməsindən yan keçməsi hər zaman sual doğururdu.Axı genosiddə suçlanan insanların həyatdan getməsi ölülərin cəzasızlığına əbədi təminat vermir. Hüquq nəzəriyyəsində sözügedən cinayətlərə zaman məhdudiyyəti qoyulmadığından üstündən 70 il keçəndən sonra da yaşı bir əsrə çatmış esesçilərin aşkarlanıb məhkəməyə gətirilməsi nasizmin son izlərinin məhv edildiyinə sübutdur.Bir ay öncə ələ keçirilən Oskar Qreninqin-Osvensimin mühasibinin yüz minlərlə yəhudinin ölümündən qazandığı pulları,yaxud insan cəsədlərini krematoriya sobalarında bişirən düşərgə aşpazı Hans Lipsisin əldə etdiyi saxta sənədləri onları İlahinin çarmıxından qabaq qara mundirli hakimlərin mühakiməsindən geçməyə məcbur etmişdi.

Bəs,erməni katolikosu 2-ci Qareginin Türkiyə Konstitusiya məhkəməsinə müraciəti, ardınca ötən əsrin əvvəllərinə aid sənədlər üzərində iş aparmaq üçün peşəkar beynəlxalq ekspertlərdən ibarət komissiyanın yarandığını bildirməsi Haaqa tribunalına gedən yolun başlanğıcıdırmı?

Əslində bir millətin ruhani liderinin irəli sürdüyü ittihamlara ilk baxışda etiraz etmək o qədər də asan deyil.1921-ci ildə dağıdılmış o vaxtkı Sis, indiki Kozan katolikosluğunun mülkiyyətinin geri qaytarılmasını istəmək dünyada ədaləti ilə öyünən türkün məhkəmə orqanlarını sınağa çəkmək deməkdir. Bir tərəfdən,din və mədəniyyət abidələrinə həssaslığını göstərən onlarla ölkədə belə tarixi yerlərin bərpası xalqlar arasında dostluğa xidmət edirsə,o biri yandan günahlandırılan hökumətin başçısının dilindən başsağlıqları səslənirsə, naziri anım mərasiminə qatılırsa,onda gələcək barışıq və anlaşma üçün daha da irəli getmək olmazmı? Belə düşünən keşişlərin məntiqini səhv saymağa tələsməyin. Məgər Türkiyənin Osmanlı dönəmindən qalan abidələrin davasını həmin ölkənin rəsmi hakimiyyət orqanları aparamaqdan imtinamı edib? Süleyman şah türbəsi uğrunda Suriyaya qoşun yeridən,bununla da Əsəd rejimi əleyhinə müharibəsinə humanitar çalar qatan bir ölkənin missiyasını başqalarının təkrarlamasına hüququ yoxdurmu?

BİRİNCİ VƏ SONUNCU ERMƏNİ

Aprelin 24-dək dünyada güclənən həmrəylik fonunda mətbuatda,xatirə mərasimlərində, konfranslarda səslənən ittihamları ümumiləşdirən məşhur jurnalist Vladimir Pozner təzminat və torpaq istəyənlərin mübarizəsinə Serj Sarqsyanın münasibətini soruşmuşdu. Düzdur, sonuncunun mənəvi hakimiyyəti nəinki dünyada yaşayan 9 milyon, eləcə də daxildə azlığı təmsil edən təbəələri tərəfindən də qəbul edilmədiyindən prezidentin rəyini son instansiya saymaq olmaz..Lakin ən azı hüquqi baxımından Türkiyə dövləti üzərinə məhz siyasi qüvvələrin. partiyaların və hərəkatların getməsini təşkil edəcək simalardan biri də ölkə başçısıdır. Onsuz da xalqın müqəddəs duyğularını hərə öz marağı üçün istismar edir,elə isə taxt-tacını qorumaq üçün babalarının əmlakını qaytarmaq davasına niyə qatılmayasan!

Sarksyan türklərin keçmişləri ilə üzləşməkdən qorxmayaraq,nəhayət,inkarçı mövqedən geri çəkiləcəklərini,yalnız bundan sonra gələcək vəzifələr barəsində düşünəcəklərini deyərək,indiki vəziyyətdə irəliyə qaçmağın məqsədəuyğun olmadığını söyləyib konkretlikdən qaçmışdı. Bunun səbəbi başa düşüləndir. Onsuz da atalarının qanını yerdə qoymaq istəməyənlərin əsil məqsədinin para maraqları olduğunu deyənlər çoxluğu tşkil edir.Elə isə bəribaşdan son niyyətini açıb deməyin nə mənası var? Əvəzində qoy dünya bir xalqın bəşəriyyəti növbəti kütləvi qırğınlardan və fəlakətlərdən daşındırmaq üçün necə səmimi niyyətlə mübarizə apardığını görsün və insanlığı özünün böyük qələmi ilə təhlükələrdən xəbərdar edən görkəmli rus yazıçısı Dostoyevskinin “cinayət inkar olunanda yenidən təkrarlanmağa şərait yaradır”, uzaqgörənliyinə əmin olsun.

Lakin Allahın adından çıxış etmək səlahiyyəti qazanmış Katolikosluq müstəqil bir təşkilatdır. Onun rəhbəri yalnız uca göylərə hesabat verir. Kimsə kilsə xadimlərini dünya malında gözü olmaqda suçlandıra bilərmi?

Ona görə 2-ci Qaregin də malik olduğu statusa və beynəlxalq əlaqələrə güvənərək sonunda şəxsi qələbə çalacağına inandığı bir mübarizəyə qalxıb. Amma bu canfəşanlığın vahid dini rəhbər məsuliyyətinə və milləti qarşısındakı tarixi missiyasına uyğun olmadığını söyləyənlər də var.

DİN MÜHARİBƏLƏRİ VƏ YA SİLAHI SAVAŞLARA SİTAYİŞ DİNLƏRİ

Bəli, adətən kilsələr.sinaqoqlar və məscidlər həqiqətən sülhə, barışa və birgəyaşayışa çağırış edirlər. Lakin inkvizisiya məhkəmələrinə çəkilən və tonqallarda yandırılan brunoların ölüm hökmü, protestantlarla katoliklər arasında davam edən min illik müharibələr və qanlı Varfolomey gecələrinin əmri də tərslikdən dini hücrələrdə hazırlanıb.

Tarix şərt şəkilçisini sevmir, deyirlər. Roma hökmdarı Ponti Pilat Məryəmin övladlığından Allahın elçiliyinə yüksələn İsanı çarmıxa-dar ağacına qaldırarkən qəddar və əbədi lənətlənən hökmünü xristian peyğəmbərinin yaxın həvarilərinin yardımı ilə verməmişdimi?

Ona görə Erməni Apostol kilsəsinin türklərlə döyüşün ön cəbhəsinə çıxmasında qəbahət axtarmağa dəyməz və keşişlərin səfərbərliyində qeyri-ilahi məqamlar tapmağın faydası yoxdur. 23 apreldə bir milyon yarım adamı müqəddəs elan edərkən, tarixdə ilk dəfə yüz minlərlə insanı dini inancı yolunda İsaya sədaqət naminə şəhid olduqlarını söyləyəndən sonra atılacaq addım sizcə ayrı nə ola bilərdi? Halbuki şəhidlik məhz dinc insanların öz əqidəsindən dönməyərək könüllü ölümü seçməyinə deyilir. Ən azı iki yüz min insanın müsəlmanlığı qəbul edib türk ailələrində qaldığı, köçürüldükləri yerdən geri qayıdacaqları təqdirdə bütün mülklərinə sahib olacaqları faktını unudub, yaxud silahlı mübarizəyə qalxaraq Rusiya imperiyasına yardım edənləri və hətta indiyədək sağ qalanları yüz ilin ölülərinə qatıb ilahi mərtəbəyə ucaldanları görəndə istənilən günahlı insanın onlara qoşulmağı gəlir.Axı xristianlıq üçün əlində xaçla rəşadətlə dayanaraq etiqadından geri çəkilməyən və özünü inamına qurban edən min ermənini tarixin heç bir səhnəsində tapmaq mümkün deyil!

Ancaq 2-ci Qareginin başından, boynundan asdığı və əlində gəzdirdiyi brilyantlı müqəddəs xaçın arxasında gizlədə bilmədiyi çirkli niyyəti onun türklər əleyhinə davasını və keşişlərin məsumluğu haqqındakı uydurulmuş əsatirləri darmadağın edir.

KİLSƏ OFİSƏ ÇEVRİLƏNDƏ

Baxın, Eçmiədzində təşkil edilən baş dini məbədin müqəddəsliyi nəinki o torpaqlara haqlı iddia edən azərbaycanlılar,yaxud onların mənsub olduğu inancın daşıyıcıları,eləcə də ortodoks xristianların heç də hamısı tərəfindən qəbul olunmur.Hər tikilini qədimləşdirmək mərəzindən inşasını bizim eranın 3-cü yüzilindən hesabladıqları Üç müəzzin kilsəsi Sovetlərin dövründə ateistlərin evinə çevrildiyindən ötən əsrin 50 ci illərindən 1-ci Vazgenin səyləri nəticəsində müəyyən simvolik rituallarla öz dini mahiyyətini əldə etməyə başlayıb. Dünyadakı daha 3 müqəddəs patriarxlığın-Qüdsdə,Livanda və İstanbuldakı Evlərin üzərindən Ermənistanda vahid dini mərkəzin-baş idarənin qurulduğu iddia olunur.Lakin cəmi 2 il bundan əvvəl Qaregin əleyhinə qalxan üsyan ermənilərin milli-dini birliyi haqqındakı mifləri dağıtmışdı,daimi gizliliyə və mübhəmliyə can atanların iç üzünü açmışdı.Onların dövlətini qoruyan kilsə işərisindəki nifaqın dərin kökləri haqda bilməyənlər isə elə hey düşməni hifz edən və daim mübarizəyə qaldıran “sehrli gücü” mistikləşdirməkdə davam edirlər.Halbuki zahiri sakitlik və hüzur içərisində görünən belə məkanlardakı münaqişənin bütün ölkəni hər an sarmağa qadir olduğunu unutmaq lazım deyil.

Məsələn,Qüdsün dini hakimi və idarəçilik ierarxiyasında 2-ci yeri tutan patriarx Nurhan Manukyan görün o günlərdə yazdığı məktubunda rəhbərini nədə günahlardırırdı:
”Ticarət və iş qurmaq bacarığı dini müdrikliyin göstərici deyil.İnsanları satın alıb sonra da onları bir köşəyə ata bilərsiniz, lakin müqəddəsliyi qəsd edib onu özünüzə mal edə edə bilməzsiniz”!

Əbasını və əlini insanlara öpdürən birisinin belə ittihamlara məruz qalması heç də səbəbsiz deyildi.Onun idarəolunmaz mütləqi hakimliyi və çevrəsini avtoritar üsullarla yönləndirmək xarakteri 2-ci Qaregini gözdən salır,lider kimi sərgiləməyə çalışdığı obrazın saxtalığını göstərir və milyonların sidq ürəklə ona təzim etməsinə imkan vermir.Ona görə Qaregin katolik dünyasının başçısı 2-ci Fransiskin iqamətgahına sığınan kiçik rahiblərə bənzəyir.Əgər para düşkünü olan birisi istənilən siyasi rejimin ayaqları altına yıxılmağa hazırdısa.onun milyonlarla insan üzərində şəksiz nüfuz qazanması qeyri-mümkündür.

Doğrudan da dünya malına tamahı olmayan Qareginin və çevrəsinin gündən-günə artan maddi imkanları,başqa vətəndaşaların yaşadığı qadın sevgisindən məhrum olduqlarını söylədikləri halda hamısının oğul-uşaq sahibi olmaları,müxtəlif kompaniyalara və biznes layihələrinə baş vurmalarını hansı əba ilə pərdələmək olar? Belələrinin süngü ilə hakimiyyətə gəlmiş siyasi liderlərin xalqa zidd mövqeyinə qarşı çıxması mümkündürmü? Əsla yox.

Ona görə erməni baş kilsəsi öz rəhbərinin daşıdğı xəbis keyfiyyətlərin simvoluna çevrilib. Kobudluq, qarşılıqlı inamsızlıq,şübhə,dərin intriqalar və ruhaniyyətin simvolu olmaqdan daha çox biznes adamlarının rəmzinə çevrilmiş məbəd sadə erməniləri özündən uzaqlaşdırır,cəmiyyətin mənəvi böhranında əsaslı rol oynamağa başlayır.Şirkət təhbərlərinə çevrilmiş belələrinin kilsələrə toplanan külli miqdarda yardımlara əl uzatdığını sübut etməyə hakim gərək deyil.Ona görə 2-ci Qareginin istefasını istəyən,vəzifəsində qalmaqda davam edəcəyi təqdirdə katolikosun bununla da dünyadakı tək kilsə,vahid diaspora və bir siyasi mərkəz formulu ilə idarəçiliyə çalışan dünya erməniçiliyinə ölümcül zərb vurduğunu deyənlərin sayı artır.Qərb dəyərləri ilə çıxış edən məsələn, Fransa erməni patriarxlığının hər bir üzvü avtoritar mədəniyyətə və despotik davranışa sahib olan yeganə dövlətlə,onun bir kontoruna çevrilmiş din idarəsi ilə eyni siyasəti bölüşə bilmir.

İki il əvvəl Parisdən göndərilən etiraz və istefa məktubları baş yepiskop Norvan Zəkəryanın timsalında 2-ci Qaregindən demokratiya və azadlıqlar istəyənlərin nə qədər çox olduğunu sübut edir.Lakin bunların heç bir səmərəsi yoxdur. Dünyanın faniliyindən danışanlar ruhani liderlik sükanından bərk-bərk yapışıblar!

Ömürlük seçilmiş katolikosun taxt-tacdan imtina etmək fikri yoxdur.Ona görə soyqırım pərdəsi həm də daxili müxalifətin kilsələrin dərin qaranlığına uzanan əllərini kəsməyin ən yaxşı vasitəsidir.Bir Rusiya ermənisi acı təəssüflə deyir ki,ağrı həqiqəti görməyə imkan vermir.

Həqiqətən də dünyadan getmişlərin davası altında 2-ci Qaregin ona rəqib olanları və nüfuzundan qorxduğu 1-ci Aramı qabaqlayıb iddia ərizəsini özü yazmağa qərar verib. Mübarizə tarixi yerlərə qayıtmaq,türkləri dini məbədləri bərpaya məcbur edib sonra torpaq davasına keçmək və bununla da millətinin tarixi taleyində yaşamaq üstündə deyil, məqsəd nüfuz savaşında çevrəsinə uduzmamaq,həm də yeni ruhaniyyət binasından,özəl maraqlar ünvanına çevrilmiş kilsələrdən sadəcə qazanmaqdır.

Türkiyənin tarixini yaxşı bilən doctor Mehmet Perincək Osmanlının vurduğu ziyanlara görə öz borclarını 1937-ci ildə ödədiyini söyləyir.Yunanlar və ruslar 2-ci dünya müharibəsində onlara vurulmuş ziyanı almanlardan almağa çalışır.2-ci Qareginsə ölülərə sahib durmaqla diriləri ustalıqla idarə etməyin əvəzsiz üsulunu tapıb.

Ermənistanın təntənəylə keçirdiyi soyqırım və hərbi paradın ön cəbhəsində eyni simalar gedir. ”Müqəddəs savaş” buna deyirlər!”.

Zahid Oruc

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600