!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dozadan artıq vaxtı keçmiş dərman istifadə ediblər” – Zəhərlənməyə görə məsuliyyəti kim daşıyır?

!Reklam – Yazi

Son günlər pambıq tarlalarında kütləvi zəhərlənmələr adi hal alıb.

Bir neçə gün öncə İmişli rayonunda yüzlərlə şəxs pambıq tarlasında kütləvi zəhərlənmişdi. Dünən isə Yevlax rayonunda bu hal təkrarlanıb. Yevlax rayonunda 24 nəfərin zəhərləndiyi deyilir. Onların hamısının kimyəvi maddədən zəhərləndiyi qeyd edilir.

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Yenicag.az-a danışıb.

Ekspert baş verənlərlə bağlı məsuliyyət məsələsinə toxunaraq bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi məsuliyyəti öz boynundan atıb:

“Pambıq siyasəti hökumət tərəfindən həyata keçirilir. Yəni, əvvəllər kəndlilər, fermerlər özləri müstəqil olaraq pambıq istehsalı ilə məşğul olurdu və dövlətin orada hər hansı bir xidməti yox idi. Yəni inzibati qayda ilə təzyiq, şirnikləşdirici tədbirlər həyata keçirilmirdi. 2015-ci ildən etibarən hər il Azərbaycan hökuməti bu sahəyə 100 milyonlarla dollar vəsait ayırır. Dövlət bu sahəyə maraq göstərir. İnzibati qayda ilə əkin həyata keçirilir, pambıq yığımına həkimlər, müəllimlər, büdcə təşkilatlarından maliyyələşən idarələrin işçiləri cəlb edilir. Bütün bunların hamısını hökumət həyata keçirir. Buna görə də, hökumət məsuliyyət daşıyır. Bu addımların kimin varlanması üçün atıldığını bilmirəm. Ancaq iştirakçı kimi hökumət məsuliyyət daşıyır və bütün baş verənlərə cavabdehdir.

Kənd Təsərrüfatı Nazirliyi bu işdə daha çox canfəşanlıq göstərir və təşəbbüs də onlar tərəfindən gəlib. Təşəbbüskar və təşkilatçı bu işdə məsuliyyət hiss etməlidir. Biz də onu görmürük”.

Zəhərlənmənin səbəblərinə gəldikdə isə ekspert bildirib ki, bunun nədən baş verdiyi tam dəqiq deyil:

“Bəziləri deyir ki, pestisidlərdən baş verib. Pestisid ümumidir. Bəziləri də yazır ki, herbisidlərdən olub. Bir qisim insan da hesab edir ki, zəhərlənmə həşəratlara və xəstəliklərə qarşı dərman preparatlarından baş verib. 2015-ci ildə çoxlu sayda sənədlər imzalananda bir fakt aşkar olundu ki, 2012-ci ildə istifadə müddəti bitmiş herbisidi 2015-ci ildə ölkəyə gətiriblər. Fermerlərə, kəndlilərə paylayıblar ki, bu herbisidlərdən istifadə edin. Tapşırıblar ki, dərmanın müddəti bitdiyi üçün təsiredici qüvvəsi aşağı düşüb və bu dərmanlardan 2 dəfə artıq istifadə etmək olar. Ölkəyə dərmanların nəzarətsiz gətirilmə yolları var. Bunu kim edib? Məmurlar və yaxud məmurlara yaxın olan adamlar. Həmin dərmanları gətiriblər, dozadan artıq istifadə ediblər və ona görə də insanları zəhərləyib. Bunun fəsadları sonra bilinəcək. Məlumatlar var ki, zəhərlənmiş qadın öz körpəsinə süd verdikdən sonra uşaqda da həmin əlamətlər özünü biruzə verib”.

Fəsadlara gəldikdə isə kənd təsərrüfatı üzrə ekspert bunları deyib:

“Daha ciddi fəsad özünü sonradan göstərəcək. Torpaqlarda faydalı mikroorqanizmlər var. Onlar bitkinin normal inkişafında əhəmiyyətli rol oynayır. Əsas ciddi təsir onlara dəyəcək, həmin mikroorqanizmlərin məhvinə səbəb olacaq. Növbəti illərdə həmin sahələrdə normal məhsul yetişdirmək mümkün olmayacaq. Məhsuldarlıq getdikcə aşağı düşəcək. Zərərvericilərin və xəstəliklərin sayı daha çox artacaq. Bir neçə il sonra həmin torpaqlardan istifadə etmək mümkün olmayacaq”.

Kənd təsərrüfatı sahəsindəki qeyri-peşəkarlığa diqqət çəkən Vahid Məhərrəmov qeyd edib ki, hüquqşünaslar hara, kənd təsərrüfatı hara:

“Kənd təsərrüfatı sahəsi üzrə MDB ölkələrində ən inkişaf etmiş ölkə Belarusdur. Belarusda kənd təsərrüfatı naziri aqranomdur, onun müavinlərindən biri aqranomdur, digəri zootexnikdir. Bu sahə mürəkkəb sahədir. Bu sahəyə bu gün hesabdarı, sabah hüquqşünası gətirməklə inkişafa nail olmaq mümkün olmayacaq. Bu sahədə peşəkar rəhbər olmalıdır və ətrafına peşəkarları yığmalıdır. Əgər rəhbər peşəkar olmasa, o peşəkarları müəyyən edə bilməyəcək ki, kim hansı səviyyədədir. Bu sahəni hüquqşünas da idarə edə bilər, ancaq bu sahə tam formalaşandan sonra. Bu sahə sistemə düşdükdən sonra xalq artistini, müğənnini də gətirib orada fiqur kimi oturtmaq olar. Sistem özü işləyəcək, sistem özü imkan yaradacaq ki, kənd təsərrüfatı inkişaf etsin. Ancaq bu gün qeyri-peşəkarların oraya gətirilməsi bu sahənin məhvinə gətirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

4750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv