Dram teatrının acınacaqlı vəziyyəti

media-hightechnic-468x90

dramTiflisdəki Azərbaycan Dram Teatrının vəziyyəti dramatikdir.

Tiflisin mərkəzində, Şeytanbazar məhəlləsində Azərbaycan Dövlət Dram Teatrı yerləşir. Bu mədəniyyət ocağı Azərbaycan teatrının əsasının qoyulduğu 1873-cü ildə yaranıb. 1947-ci ildə müəyyən səbəblərdən bağlanan teatr 51 il fəaliyyətsiz qalır. 1998-ci ildə yenidən bərpa olunan teatra 6 il sonra dövlət statusu, 2007-ci ildə isə Heydər Əliyevin adı verilir. Beləcə mədəniyyət ocağı ikinci ömrünü yaşamağa başlayır. Amma buna ömür demək olarsa. Möhsün Sənani, Mustafa Mərdanov kimi görkəmli kino və teatr xadimlərimizin yetişdiyi bu incəsənət məkanı bu gün sanki unudulub.

Bir zamanlar “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Leyli Məcnun”, “Arşın mal alan” kimi tamaşaların oynanıldığı bu səhnə hazırda bərbad vəziyyətdədir. Səhnənin dekorasiyası, işıq və səs effektləri, pərdə və s. imkanlarının olmaması bir yana, soyuq aylarda içəridəki temperaturla çöldəkinin fərqinin olmaması burada nəinki tamaşa göstərmək, hətta adi məşq proseslərini belə təşkil etməyə imkan vermir.

Bu səbəbdən aktyor heyəti məşqlərini kiçik bir otaqda masa ətrafında keçmək məcburiyyətində qalır. Tamaşalar isə Tiflisdə fəaliyyət göstərən digər teatrların səhnələrində oynanılır. Təbii ki, icarə haqqını ödəmək şərtilə. Teatrın bədii rəhbəri Zurab Sixarulidzenin sözlərinə görə, iştirak etmək istədikləri festivallar, gerçəkləşdirmək arzusunda olduqları planları var. Lakin təəssüf ki, bunlar elə plan olaraq da qalır.

Maddi texniki imkanın olmaması bir yana, aktyorların aldıqları 300-400 lari məbləğində əmək haqqının azlığı isə teatrın yaradıcı heyətini getdikcə itirməsi təhlükəsini yaradır.

Digər narahatedici məqam isə binanın teatra tam deyil, yalnız 30%-nin qaytarılmasıdır. Qalan hissə 18 ailə, restoran, bar, market və digər ticarət obyektlərinin ixtiyarındadır. Bu ailələrin və obyektlərin buradan köçürülməsi, ümumiyyətlə sadalanan problemlərin aradan qaldırılması teatrın 160 min larilik illik büdcəsi ilə mümkün deyil.

Gürcüstanın Mədəniyyət Nazirliyi isə lazım olan vəsaitə güclərinin yetmədiyini deməklə kifayətlənir. H.Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının kollektivi, həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar bu məkanın əvvəlki halına qaytarılacağına, məhşur aktyorların nəfəslərinin duyulduğu səhnənin, zalın divarlarına hopmuş alqış səslərinin yenidən canlanacağına ümid edirlər. Çünki teatr bir xalqın mədəniyyətinin nümayişində əvəzsiz rol oynayır.

Tiflisdə fəaliyyət göstərən rus və erməni dram teatrlarının vəziyyətini qeyd etmək də yerinə düşər. Çünki bu teatrlar maddi sıxıntılarla deyil, yalnız yaradıcılıqla məşğuldur.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600