Dubayın məşhur “Yelkən” oteli bağlanır
İranın regiondakı hərbi gərginliyi artırmasından sonra hədəfə alınan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vizit kartı – məşhur “Burj Al Arab” oteli fəaliyyətini dayandırır.
Yenicag.az xəbər verir ki, Dubayın ən lüks və tanınmış memarlıq abidəsi genişmiqyaslı restavrasiya layihəsi çərçivəsində 18 ay müddətinə bağlanacaq
Otel nümayəndələrinin BƏƏ mətbuatına verdiyi məlumata görə, 25 ildən artıqdır Dubay siluetinin ayrılmaz hissəsi olan tikilidə əsaslı təmir işləri aparılacaq. Restavrasiya çərçivəsində otelin daxili interyerinin tamamilə yenilənməsi planlaşdırılsa da, binanın orijinal memarlıq kimliyinin qorunub saxlanılacağı bildirilir.
Xatırladaq ki, 1999-cu ildə açılan və yelkən formalı memarlığı ilə dünya turizm sektorunda Dubayın ən tanınmış tikilisi olan “Bürc əl-Ərəb” ötən aylarda hərbi gərginliyin mərkəzində qalmışdı.
Dubay Hökumətinin Medya Ofisi tərəfindən martın 1-də yayılan rəsmi məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri Dubay səmasında bir PUA-nı (İHA) zərərsizləşdirmişdi.
Həmin vaxt vurulan aparatın parçaları otelin xarici fasadına düşərək kiçikmiqyaslı yanğına səbəb olmuşdu. Mütəxəssislər hesab edir ki, otelin uzunmüddətli qapadılması həm də həmin hücumun fəsadlarının aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.
Yenicag.az













