Dünya 1939-a QAYIDIR: Yeni Hitlerlər və köhnə QANUNLAR – Rəfi Müslümov yazır

media-hightechnic-468x90

 

Bəşəriyyət tarixinin ən zəhərli dövrlərindən birinin təkrarı ilə üz-üzədir. Artıq müasir dünyanın Mussolini, Hitler, Çörçill və Stalinləri yetişib. Bugünkü qlobal səhnənin aktorları arasında Tramp kimi sərsəmləri görmək heç də təəccüblü deyil. Siyasi meydanda hay-küylə at oynadan bu fiqurların nəyi dəyişəcəyi, nələri dağıdacağı hələ də sual altındadır. Tramp hakimiyyətinin ilk 100 günündə Ukrayna böhranına əl gəzdirə bilmədisə, bundan sonrası üçün ondan ciddi bir şey gözləməyə dəyməz.

Dünya amansız bir xaosa sürüklənir. Budəfəki xaosun episentri isə təkcə Avropa deyil. Çin-Tayvan, Rusiya-Ukrayna, Hindistan-Pakistan, İran-İsrail və daha neçə-neçə qaynar nöqtə alov içindədir. Rusiya Ukraynada açıq şəkildə savaşın yeni fazasına keçib. Hindistan-Pakistan qarşıdurması isə dördüncü raunduna hazırlaşır. Bütün bunlar isə yalnız bir şeyin anonsudur: bəşəriyyət yeni bir qanlı nizamın astanasındadır.

Tarix sübut edib ki, dünya nizamı savaşlarla yazılır. İkinci Dünya müharibəsindən bu yana ötən 80 ildə dünyanın hər bucağında sarsıntılar yaşansa da, görünən budur ki, bu dəfə bıçaq sümüyə dirənib. Post-Putin dövründə böyük güclərin əsas məqsədi Rusiyanı parçalamaq olacaq. Bu gün avtoritar rejimlə Rusiyanı ayaqda saxlayan Putin sabah səhnədən getdikdə, Çin, ABŞ və hətta Yaponiya kimi güclərin yeni planları masaya çıxacaq. ABŞ hələlik “tozlu rəf” sindromuna sığınıb, amma hamı bilir ki, bu imperiya gec-tez Rusiyanı yenidən hədəfə alacaq. Necə ki, Çar Rusiyası və SSRİ-nin süqutunda onun barmağı vardı. Bu gün də Putin Rusiyası imperiya ambisiyalarını Ukrayna üzərindən həyata keçirir və ABŞ-Avropa cütlüyünə açıq savaş elan edir.

Qafqaz da bu xaosun bir parçasıdır. Azərbaycan və Ermənistan arasında sülh perspektivi qlobal nizamsızlıq fonunda hazırda qeyri-real görünür. Biz balaca dövlətik, amma bu bölgədə özümüzü qorumağın yeganə yolu çevik və ağıllı siyasi manevrlərdir. ABŞ Ermənistanı de-fakto işğal edib, Avropa Gürcüstanı “qaynar qazan”a çevirib, Rusiya isə Cənubi Qafqazı “arxa bağçası” sayır. Belə bir mühitdə neytrallıqdan başqa yol yoxdur.

Azərbaycan “iki od arasında” müstəqilliyini qoruyur. İranın təhdid dolu ritorikası, Rusiyanın təyyarəmizə atəşi, Paşinyanın qeyri-adekvat davranışları və Moskvanın İrəvana açıq qapı siyasəti – bütün bunlar fonunda Azərbaycan diqqətli, təmkinli və məntiqli olmağa məcburdur. Zəngəzur dəhlizi məsələsində də eyni prinsip keçir: ehtiyat, soyuqqanlılıq və strateji ağıl.

Dünya siyasəti indi baş-ayaqdır. Kim harada özünə yer tapa bilirsə, orada xaos toxumu səpir. Biz isə sakit dayanıb, oyunun qaydalarını öyrənir və öz oyun planımızı qurmağa çalışırıq. Amma görünən budur ki, dünya artıq parçalanmanın son həddindədir və 1939-cu ilə qayıdış heç də uzaqda deyil…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600