Olaf Şolts: “ABŞ Ukraynaya hərbi dəstək verməyə davam edəcək”
Almaniya kansleri Olaf Şolts yaxın günlərdə postunu tərk etməyə hazırlaşsa da, Ukraynaya ABŞ tərəfindən hərbi dəstəyin davam edəcəyinə əmin olduğunu bildirib.
Yenicag.az “n-tv” telekanalına istinadla xəbər verir ki, bu barədə Şolts Hannoverdə keçirilən kilsə qurultayında çıxışı zamanı danışıb.
Şoltsın açıqlaması ABŞ və Ukrayna arasında “Amerika-Ukrayna Bərpa İnvestisiya Fondu”nun yaradılmasına dair sazişin imzalanmasından sonra səsləndirilib. Sazişə əsasən, ABŞ-ın bu fonda töhfəsi arasında Ukrayna Silahlı Qüvvələri üçün yeni silah tədarükü də yer alır.
“ABŞ-ın Ukraynaya dəstəyi zəifləməyəcək – buna tam əminəm”, – deyə kansler qeyd edib.
Xatırladaq ki, aprelin 30-da Ukrayna və ABŞ iqtisadi tərəfdaşlığa dair çərçivə sazişi imzalayıblar. Həmin sənəddə ABŞ-nin hərbi yardımı və 57 mineral üzrə əməkdaşlıq imkanlarının nəzərdə tutulduğunu yazıb.
Hazırda sazişə dair texniki sənədlər hələ formalaşdırılmayıb, imzalanmayıb və dərc edilməyib. Bu isə Ukrayna üçün həmin sazişin ratifikasiyası və uzunmüddətli nəticələri barədə dəqiq fikir bildirməyə imkan vermir.
Rafi Müslümov