Qarderobundan danışan ŞƏHRİYAR: “Brend statusdur, amma...”
“Mənə görə istər geyim, istərsə də aksessuarlarda orijinallıq əsasdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı, aktyor və müğənni Şəhriyar Əbilov deyib.
Qarderobu, geyim stili barədə suallarımızı cavablandıran Şəhriyar müxtəlif illərdə müxtəlif geyim tərzlərinə üstünlük verdiyini bildirib:
“Məndə müəyyən dönəmlərdə fərqli geyimlər olub. “Bığ şou” verilişinə aparıcılıq etdiyim dövründə daha klassik geyimlər geyinirdim. Kostyumlarım qeyri-adi rənglərdə idi. Sonradan imicim bir qədər ağır italyan geyimləri ilə yeniləndi. Uzun illər “italian style” stilində geyinirdim. Mənə çox maraqlı olduğu üçün hətta klassik italyan filmlərindəki obrazların geyimlərini araşdırırdım, maraqlanırdım. İtalyan iş adamları, aktyorlar, mafiozların geyimi məni çox cəlb edirdi. Uzun pencək, klassik şalvarlar… Yaxud da yay və yaz ayları üçün xarakterik olan rəngli pencəklər, köynəklər, ağ şalvar… Qarderobumda belə geyimlər həddən artıq çoxdur. Amma musiqi fəaliyyətinə başladığım son dönəmlər daha boş və rahat geyimlərə, çoxlu aksessuarlara üstünlük verirəm. Ciddi tədbirlərə isə kostyumlar geyinirəm. Ən çox istifadə etdiyim aksessuar da üzüklərdir”.
O, “brend sizin üçün çox önəmlidir” sualını da cavablandırıb:
“Brend statusdur. Bəzi insanlar üçün brend özünü təsdiqləmək, özünü təqdim etmək məqsədi də daşıya da bilər. Mənə görə, brend daha keyfiyyətli və dözümlü olduğu üçün önəmli ola bilər. Brend adı ilə keyfiyyətsiz geyimlər də satıla bilər. Bəzən ucuz, amma görüntü olaraq keyfiyyətli görünən geyim də ola bilər. Mənə görə istər geyim, istərsə də aksessuarlarda orijinallıq əsasdır”.
Cəvahir