Dünya müharibəsi qapıda? – 4 böyük dövlət İrana zərbə endirməyə hazırlaşır
“Britaniya, Almaniya, Fransa, Yunanıstan və digər NATO ölkələri İrana qarşı müharibəyə qoşula bilər.”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.
NATO ölkələrinin İranın raket zərbələrini zərərsizləşdirilməsi üçün birgə bəyanat imzalamasını şərh edib:
“Yaxın Şərqdə gərginliyin son mərhələsi göstərir ki, Tehran son addımları ilə regional balansı öz xeyrinə dəyişmək əvəzinə əks effekt yaradır. Əməliyyatlar başlamazdan əvvəl bir sıra Avropa və bölgə ölkələri İranla bağlı məsələlərin diplomatik yolla həllinə üstünlük verirdi. Lakin son hadisələr, xüsusilə region ölkələrinin hədəfə çevrilməsi və ABŞ bazalarına zərbə adı altında onların ərazilərinə risk yaradılması siyasi mövqelərdə ciddi dönüşə səbəb obub. Əgər ilkin mərhələdə əsas çağırış “gərginliyi azaltmaq” idisə, indi bir çox paytaxtlarda təhlükəsizlik prioritetə çevrilib. Bu dəyişiklik xüsusilə Avropada açıq hiss olunur. NATO çərçivəsində təhlükəsizlik koordinasiyasının gücləndirilməsi, həmçinin Avropa İttifaqı daxilində İran siyasətinə yenidən baxılması bunu göstərir.”
Politoloq qeyd edib ki, İranın addımları ərəb ölkələrini onlara qarşı birləşdirə bilər:
“Region ölkələri, xüsusilə Körfəz dövlətləri və Səudiyyə Ərəbistanı, açıq şəkildə daha sərt mövqe nümayiş etdirməyə başlayıblar. Bu isə Tehran üçün arzuolunmaz geosiyasi nəticə yaradır: anti-İran xəttinin genişlənməsi. Tehranın seçdiyi taktika özlərinin daha da təcrid vəziyyətinə salmasına xidmət edir. Bu da ABŞ və İsrailin İrana hərbi əməliyyatına və rejim dəyişikliyi ilə bağlı əməliyyatına legitimlik hüququ qazandırır. Bu kontekstdə ABŞ və İsrail üçün diplomatik manevr sahəsi genişlənir. Çünki təhlükəsizlik arqumenti beynəlxalq arenada daha asan qəbul edilir.”
M. Bünyadlı avropa ölkələrinin də münaqişəyə qoşulma ehtimalını istisna etməyib:
“Hazırkı mərhələdə genişmiqyaslı quru əməliyyatı real görünməsə də, belə bir ssenari tam istisna edilə bilməz. Əgər proses dərinləşərsə, NATO ölkələrinin birbaşa iştirakı da ola bilər. Xüsusən də Britaniya, Almaniya, Fransa, Yunanıstan və digləri hərbi əməliyyata qoşula bilər.
Birbaşa hərbi əməliyyatlarda iştirak etməsələr belə kəşfiyyat dəstəyi, hava müdafiə koordinasiyası, hərbi-texniki təminat, diplomatik və iqtisadi təzyiq kimi sərt sanksiya mexanizmlərlə prosesə qoşulması daha real görünür.
Hazırda isə əsas xətt hərbi müdaxilədən çox, diplomatik və psixoloji təzyiqin artırılmasıdır. Yaranmış vəziyyət Tehranın manevr imkanlarını məhdudlaşdırır ki, bu da İrana yaxşı heç nə vəd etmir.”
Nurlan Cəfəri













