Dünya sülhdən uzaqlaşır: Yeni MÜNAQİŞƏ OCAQLARI yaranır - ŞƏRH
Qəzza sammitindən sonra İsrail HƏMAS arasında toqquşmaların olacağı gözlənilən idi. Bunun çox sadə səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, İsrail qarşısına qoyduğu məqsədə çatmadı. Nə Qəzzanı aborigen xalqdan təmizləyə bildilər, nə HƏMAS-ı silahsızlaşdıra bildirlər. Hətta ABŞ-nin, daha dəqiqi Trampın Qəzza ilə bağlı planı baş tutmamış sayılır. Yeri gəlmişkən bir neçə həftə əvvəl Qəzzanı ABŞ şirkətlərinin tikəcəyini bəyan edən Tramp, Qəzza sammiti ərəfəsində Qəzzanı Yaxın Şərq ölkələrinin tikəcəyini bildirdi. Dolayısı ilə Qəzza ilə bağlı heç bir tərəfin istəyi baş tutmuş sayılmır. Ona görə də, təxribatların törədiləcəyi, bunun İsrail üçün bəhanəyə yola açacağı və yenidən Qəzzaya ağır zərbələrin vurulacağı mümkün variant kimi görünürdü və baş verənlər də onu göstərir. Maraqlısı ondadır ki, təxribatların törədilməsində HƏMAS yox, hansısa adı bilinməyən radikal qruplar günahkar sayılır.
Maraqlısı ondadır ki, İsraildə müharibənin bitməsini istəməyən qrupların olduğunun da şahidi oluruq. Açıq şəkildə nazirlər, siyasətçilər dövlətə müraciət edirlər ki, genişmiqyaslı əməliyyatlara start verilsin. Bu düşüncə tərzinin çoxluq təşkil etdiyi dövlətin isə dayanacağı inandırıcı deyil.
Dünyada baş verən proseslərə baxanda açıq şəkildə demək olar ki, müharibələrin dayanmasını istəməyən qüvvələr çoxluq təşkil edir. Bunu təkcə İsrail HƏMAS toqquşmasına aid etmək olmaz. Rusiya Ukrayna müharibəsi ilə bağlı da məsələ eynidir. ABŞ və Rusiya müharibənin dayanmasında maraqlı görünsə də, Qərbdəki bir çox dövlət əksinə bu müharibənin davam etməsini istəyir. Bundan əlavə Çinin də Rusiya-Ukrayna müharibəsinin dayanmasında maraqlı olduğunu deyə bilmərik. Çünki Rusiya Ukrayna müharibəsinin davam etməsi Çinin də işinə yarayır. Birincisi Çin Rusiyanın, neftini, qazını və digər təbii sərvətlərini ucuz qiymətə alır. Diqqət etdiksə Tramp və Putinin telefon danışığından sonra hər iki ölkənin əməkdaşlığı, sanksiyaların yumşaldılması, iqtisadi əlaqələrinin bərpasının müzakirə olunduğu deyilirdi. Çin ABŞ ilə Rusiya arasında yaxınlaşmanın olmasında maraqlı ola bilər? İnandırıcı deyil. Yeri gəlmişkən yaxın günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirdi ki, onlar Çini satmayacaqlar və Çinə qarşı hansısa bir ölkə ilə əməkdaşlıq etməyəcəklər. Bu o deməkdir ki, Rusiyaya bu təklif gəlib. Böyük ehtimalla bu təklifi Rusiyaya edən tərəf də ABŞ-dir. Hindistana Rusiyadan neft, qaz alınmaması ilə bağlı Trampın təzyiqi də Ukraynadan daha çox Çin faktoru ilə bağlıdır. Rusiya Çini sata bilər? Mümkün variantdır. Rusiya tarixi bu tip “satışlarla” doludur. Ona görə də, Çin maksimum çalışacaq ki, Rusiyanı müharibə vəziyyətində saxlasın. Hətta Ukrayna müharibəsi bitəcəyi təqdirdə, yeni bir müharibənin içərisinə atsın.
Rusiya da fərqindədir ki, Qərbin, müəyyən mənada Çinin də təhriki ilə girdiyi Ukrayna müharibəsi onu dünyada gedən proseslərdən kənarda saxlayıb. Ruslar istər Yaxın Şərqdə, istər Orta Asiyada gedən proseslərə müdaxilə edə bilmir. Hətta buna cəhdlər etsə də, proseslərdən kənarda qalır. Yeri gəlmişkən Cənubi Qafqazda da Rusiya Qərblə, ABŞ ilə uzlaşmağa məcbur qaldı. Cənubi Qafqazda hansısa prosesin baş verməməsinin əsas səbəbi məhz bu uzlaşmadır. Əgər uzlaşma olmasaydı, Rusiya regiondan tamamilə sıxışdırılıb çıxarılsaydı, yaxud Qərb bu regiondan tamamilə uzaqlaşdırılsaydı mütləq şəkildə sabitlik pozulacaqdı. Ona görə də, Cənubi Qafqazda müharibələr, münaqişələr o zaman yenidən başlayacaq ki, Rusiya və Qərb arasında uzlaşma, güc balansı pozulsun.
Müharibələr, münaqişələr dalğası təkcə Yaxın Şərq, Şərqi Avropa, Cənubi Asiyanı əhatə etmir. Artıq Amerika qitəsində də münaqişələr mövcuddur. Amerika qitəsindəki münaqişələrin xarakteri bir qədər fərqlidir. Amerika qitəsinin bəhanəsi isə karterlərdir. Bunu Venesuela, Kolmbiya, Ekvador, Boliviyanın timsalında görə bilərik. Amerika qitəsində qarışıqlığın olmasında maraqlı ölkələr də var. Bunların başında şübhəsiz ki, Çin gələcək. ABŞ-nin özündə də müəyyən problemlərin olduğu görünür. Bəzi ştatlara ordu yeridilib, mitinqlər keçirilir. Görünən odur ki, dünya sülhdən hələ çox uzaqdır. Əksinə ağır müharibələrin olma ehtimalı daha yüksəkdir.
Səxavət Məmməd