"Dünya yeni qlobal miqyaslı MÜHARİBƏ ASTANASINDA" - ŞƏRH
Hazırda Rusiya müharibənin genişlənməsi ssenarilərinə hazırlaşır.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə bildirib.
Onun sözlərinə görə, Ukraynaya verilməsi gözlənilən “Tomahavk” raketlərinin həm sivil, həm də hərbi obyektlərə qarşı dağıdıcı gücünün yüksək olması rəsmi Moskvanın sərt reaksiyasına səbəb olub:
“Nüvə başlıqlarının hazırlanmasında istifadə olunan plutoniumun utilizasiyasına dair 2000-ci ildə əldə olunmuş ABŞ–Rusiya razılaşmasının icrası 8 oktyabrda Kreml tərəfindən dayandırılıb. Həmçinin, qonşu ölkə orta mənzilli nüvə silahlarına dair razılaşmadan da çıxıb. Bu, həm nüvə təhdididir, həm də ABŞ-ni Ukraynaya hərbi yardım niyyətindən daşındırmağa yönəlib. Bütün bu proseslər onu göstərir ki, dünya yeni qlobal miqyaslı müharibənin astanasındadır. Qərb də bunun fərqindədir və media vasitəsilə “Tomahavk raketləri Putin üçün qırmızı xətdir” mesajını yayır”.
S.Cəlilzadə əlavə edib ki, Ukrayna rəsmilərinin bu gün ABŞ tərəfi ilə görüşərək raket istehsalçıları ilə danışıqlar aparması, Trampın bu məsələ ilə bağlı qərarının artıq verildiyini göstərir:
“Tramp ərazi mübadiləsi – yəni Donbasın tam şəkildə rəsmi Moskvaya verilməsi, işğal faktorunun tanınması, Ukrayna üçün “təhlükəsizlik təminatı” məsələsində Kremlin qeyd-şərtlərinin nəzərə alınması, rus dilinin isə Ukraynada ikinci rəsmi dil kimi tanınması və digər bu kimi şərtlərlə müharibəni dayandırmağa razı göründü. Lakin Kiyev, Avropa cəbhəsindən aldığı dəstəklə bu şərtləri qəbul etmədi və müharibəni qalibiyyətlə sona çatdırmaq niyyətində olduğunu bəyan etdi. Amma bunun üçün onların daha çox dəstəyə ehtiyacı var. Tramp razılaşmanın mümkün olmadığını gördükdən sonra Ukraynaya hərbi dəstəyin artırılacağını, o cümlədən uzaqmənzilli “Tomahavk” raketlərinin verilə biləcəyini bəyan etdi”.
Məlik Məlikov