“Avropa ölkələri Ukraynaya yardım etməkdən yorulub və öz daxili problemlərinə daha çox vaxt ayırmağı üstün tutur”.
Bunu Rusiya-Ukrayna müharibəsi fonunda yenidən ABŞ Prezidenti seçilən Donald Trampın savaşın dayandırılması istiqamətində görəcəyi mümkün tədbirlər barədə danışan deputat Zahid Oruc Yenicag.az-a açıqlamasında deyib.
O qeyd edib ki, Bayden hakimiyyətinin sona çatması fonunda sonrakı iqtidara ağır miras qoymaq və onun uğur qazanmasını əngəlləmək istiqamətində həyata keçirilən tədbirlər diqqət çəkir:
“Baydenin bir neçə müharibəni başa çatdırması istiqamətində gördüyü işlərdə Tramp amili effektli oldu. Bəziləri Trampın strategiyasını yaxşı bildiyindən sanki o istiqamət üzrə mövqelərini korreksiya edirlər. Bu anlamda, Yaxın Şərqdə bir növ şəkillənmə, tendensiya, həmin istiqamətdə adekvat addımların atılması gözə dəyir. Hərçənd Bayden onların heç birinə nail ola bilmirdi, əksinə, savaşın arealı genişlənirdi, bu savaşlardakı insani cinayətlər artırdı.
Məsələn, Qəzza zolağında insanlığa zidd cinayətlər hər gün şiddətli hala çevrilirdisə, Livanın bir tərəfinə endirilən hərbi zərbələr, digər tərəfinin tam ələ keçirilməsi, bundan başqa, Suriya hadisələri, Colan təpələrinin 40 ildən sonra ilk dəfə İsrailin nəzarətinə keçməsi və Davud dəhlizinin birləşdirilməsinin şahidi olduq. Qasım Süleymani vasitəsilə bu bölgələrə silah və digər yardımlar göndərən İrana qarşı olaraq İsrail 3 cəbhədə asimmetrik savaşlarla öz mənafeyini həyata keçirdi. Bunların dünyanın təhlükəsizliyinə təsir etdiyi yönündə yanaşmalar mövcuddur.
Bu fonda son günlər ərzində Qəzzadakı sülhün sahibinin kim olduğunun şahidi oldunuz. Yekun olaraq, Bayden hakimiyyətinin son addımları Ukrayna cəbhəsinə göndərilən yardımlardır. Həmçinin Böyük Britaniya və Ukraynanın 100 illik müttəfiqlik müqaviləsi bağlamasını götürsək, dünyada çox az sayda belə uzun müddətli müttəfiqlik nümunəsi görə bilərik. Bunu Trampı qabaqlamaq, ya da onunla eyni siyasət yürütmək hesab etmək olar. Çünki Britaniya hər zaman Amerika mənafelərinin daşıyıcısı olaraq qəbul edilir.”
Deputat hesab edir ki, dünya ölkələrindən Trampın xeyrinə olan çox sayda çağırışlar var:
“Avropa ölkələri ümumilikdə Ukraynaya yardım etməkdən yorulub və öz daxili problemlərinə daha çox vaxt ayırmağı üstün tuturlar. Amerikanın Ukraynaya xərclədiyi maliyyə büdcəsinin ağırlığı Trampa səbəb yaratdı ki, bölgədə sülh üçün mübarizə aparsın. Amma, Tramp proseslərdən geri dursa bu Amerikanın imicinə zərbə olacaq, bu isə ölkənin siyasi şüarına zidd olacaq.”
Zahid Oruc Amerikanın Panama və Kanadaya əlçatanlığı barədə isə bunları deyib:
“Bildiyiniz kimi, Amerikanın torpaqlarının çox hissəsi pulla alınıb. Məsələn, təkcə Sovetlər Birliyindən alınan “Alyaska”ya cəmi 7 milyon xərc çəkilib. Amma hər yeri pulla almaq olmur. Məsələn, görürsünüz ki, Amerikanın Kanada məsələsində Danimarka necə narahatdır, Kanada özü necə narahatdır. 41 milyon əhalisi olan Kanadanın 51-ci ştat olması absurddur. Cənab Prezident qeyd etdiyi kimi, 300 milyon funt neft istehsal edən ölkəyə deyirsən ki, milli azadlıqlarını heçə sayaraq gəl Amerikanın bir parçasına çevril. Səbəb odur ki, Amerika bunun üstünlüyündən faydalanmaq istəyir. Nəinki Amerika qitəsi, heç Avropa qitəsindən belə heç bir ölkə istəməz ki, Amerikanın 51-ci ştatı olsun. Xatırlayırsızsa, mənim bir ifadəm vardı, demişdim ki, Azərbaycanın Amerikanın bayrağındakı 51-ci ulduz olmaq niyyəti yoxdur, ola da bilməz. Çünki biz böyük qanlar tökərək bu yerlərə gəlib çıxmışıq. İndi də qalib xalq statusu ilə dövlətimizlə qürur duyuruq.”
Deputat hesab edir ki, ABŞ tərkibinə qatmaq istədiyi torpaqlar üçün addım atsa belə, bu hər hansı toqquşmaya səbəb ola bilməz:
” Əgər ABŞ-nin tərkibinə qatmaq istədiyi torpaqlar üçün ciddi addım atsa, bu ölkələr Amerika ilə hər hansı toqquşmaya girməyəcək. Bu həm o dövlətlər üçün ağır nəticələrə səbəb ola bilər, həm də ağır məğlubiyyət alıb nüfuzdan düşə bilər. Trampın prezidentlik fəaliyyəti dövrünə gəldikdə isə çox zəif ümidlər var ki, müharibələr dayandırılsın. Hərçənd bu, Amerikaya yad addım sayılır. Ola bilər ki, Trampdan sonra Avropa dövlətlərinin bir çoxu bu prosesə qoşulsun. Bu özlüyündə müharibə tərəfdarlarını bir qədər zəiflədəcək. Ukrayna elitası isə Rusiya ilə müharibədə, demək olar ki, çox dərinə gedib, daha böyük hədəfləri var və ağır məğlubiyyətlə müharibədən çıxmaq istəmir. İstər Ukraynada, istər Rusiyada xalq 3 illik müharibədən çox yorulub.
Bəlkə, Putin, həqiqətən də, qarşısına məqsəd qoyub ki, İkinci Dünya müharibəsindən daha uzun müharibə keçirməlidir? Məncə, yox. Bəs harada dayanmaq hədəfi var? Qərbi Ukrayna hissəsinə çox yaxınlaşıb artıq. Ukraynanı ortadan 2 yerə bölmək istəyir, bəlkə? 603 min 549 kilometr ərazisi olan, 42 milyonluq əhalisi olan ölkə idi. Rusiyanın bu ərazilərin yarısını ələ keçirmək niyyəti varmı? Varsa bunun sərhədi hara qədərdir? İndi artıq tərəflərin bir-birinə bloklanması görünməyə başlayır. Bəs burada Azərbaycanın rolu nədir? Ölkə rəhbəri media təmsilçilərinə müsahibədə İkinci Dünya müharibəsindən sonra mövcud olan təhlükəsizlik sisteminin çökdüyünü bəyan etdi. Lakin qələbəmizdən sonra biz bu layları tərpətdik. O bildirdi ki, bu, adi savaş deyildi, beynəlmiləl müharibə idi və biz sanki dünya savaşının qalibiyik. Biz indi hər tərəfdə beynəlxalq mübarizələrin ən aktiv tərəfiyik. Biz artıq müşahidəçi deyilik, tərəfik.
Son 200 il ərzində bizim taleyimiz masada həll ediləndə bizim iştirakımız təmin edilibsə belə, əksər hallarda taleyimizi həll edənlər başqaları olub. Taleyimizdə ilk dəfədir ki, qələbəmizi qızıl tarixə daşıyan bir liderimiz var. Dövlətlər böyük orqanizmdir. Ya böyüməlisən, ya da kiçilməlisən. Biz indiki halda coğrafi olaraq bütövlüyə qovuşmuşuq, ancaq bunun siyasi davamı mütləq olmalıdır. Bəs hansı formatlarda, hansı siyasi birliklərdə, hansı dövlətlərlə bloklaşmalarda iştirak edəcəyik? Önəmli olan odur ki, biz bu prosesləri görə bilək. Geosiyasi həssasiyyətimiz İlham Əliyevin liderliyində çox güclüdür. Biz taleyimizin hansı qütbdə həll olunduğunu görürük. Bundan sonra da tərəfdaşı olacağımız siyasi birliklərdə özümüz tərəf olacağıq və söz sahibi olmaq imkanımız var. Necə deyərlər, sən bölməsən, səni böləcəklər, bu, dəqiqdir.”
Nurlan Cəfərli
www.yenicag.az