“Bəzi məhsullarda daha diferensial, çevik vergi və gömrük siyasətinə ehtiyac var”.
Bunu dünya bazarında düyünün qiymətində artımın Azərbaycan bazarına mümkün təsirlərini şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.
O, Azərbaycanda bəzi ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisində güzəştlərin tətbiq edilməməsinin qiymət artımında əsas problemlərdən biri olduğunu bildirib:
“Azərbaycanın ərzaq bazarı təqribən 75%-ə yaxın xaricdən asılıdır. Hətta bəzi məhsul növlərində 90-95% asılılıq var. Əgər söhbət düyü məhsullarından gedirsə, burda da asılılıq səviyyəsi çox yüksəkdir.
Azərbaycanın daxili istehsalı istehlakı ödəmək gücündə deyil. Cənub rayonlarında – əsasən də Astara və Lənkəranda düyü istehsalı əhalinin bu məhsula olan tələbatını çox az da olsa ödəyir. Amma yerdə qalanların böyük bir hissəsi ölkəyə xaricdən gətirilir.
Ərzaq məhsulları ilə bağlı gömrük rüsumları və əlavə dəyər vergisində heç bir güzəştlərin nəzərdə tutulamaması bizdə əsas problemlərdən biridir.
Bəzi məhsullarda daha diferensial, çevik vergi və gömrük siyasətinə ehtiyac var. Məsələn, ölkədə düyüyə ehtiyac varsa və bu məhsul bahalaşırsa, hökümətin bir qərarı ilə düyüyə tətbiq olunan rüsumlar sıfırlana və ya əlavə dəyər vergisi azaldıla bilər. Bu da qiymətlərin aşağı enməsinə böyük təsir göstərə bilər.
Qiymət artımına səbəb olan digər bir məsələ isə idxal bazarında çox məhdud sayda oyunçuların ölkəyə mal gətirmək fürsətinin olmasıdır. Bu da rəqabəti zəiflədir. Rəqabət zəif olanda, təbii ki, qiymətlər də yüksək olur”.
Sadiq Cavadov
www.yenicag.az