DYP-dən moped sürücülərinə XƏBƏRDARLIQ: Martın 26-dan yeni qanunvericilik tələbləri qüvvəyə minir
2026-cı il martın 26-dan etibarən moped sürücüləri üçün yeni tələblər qüvvəyə minəcək. Qərarın icrasına az vaxt qaldığını nəzərə alan Dövlət Yol Polisi (DYP) sürücülərə əvvəlcədən hazırlıqlı olmaları ilə bağlı xəbərdarlıq edir.
Qərarla bağlı Yenicag.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, edilən dəyişikliklər moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və qayda pozuntularının qarşısının alınmasına yönəlib:
“Dəyişikliyə əsasən, martın 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq”.
Elvin Hacıyev vurğulayıb ki, vaxtın azlığını nəzərə alaraq vətəndaşlar qeydiyyat prosesini gecikdirməməlidirlər:
“Moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur. Bütün prosedurlar vahid qaydada həyata keçirilir və vətəndaşların rahat şəkildə xidmət alması təmin olunur”.
DYP rəsmisi sürücülərə bir daha xəbərdarlıq edərək qeyd edib ki, göstərilən tarixdən sonra tələblərə əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar:
“Vətəndaşlardan xahiş olunur ki, müəyyən olunmuş müddəti nəzərə alsınlar və qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirsinlər ki, cərimələrlə üzləşməsinlər”.
Samir Məcidov













