Əbu-Dabidən Gernikaya: İlham Əliyevin sülh siyasətinin qlobal etirafı – Aqil Ələsgər yazır
Azərbaycan Prezidenti İlham Əliyevin “Gernika” Sülh və Barışığ Mükafatına layiq görülməsi tarixə yazılan bir diplomatik hadisədir.
Bu mükafat təkcə bir təltif deyil bu, müharibədən sülhə gedən yolun, qarşıdurmadan əməkdaşlığa keçidin və yeni siyasi reallığın beynəlxalq səviyyədə möhürlənməsi deməkdir. Bu gün Cənubi Qafqazda yaranan sabitlik artıq regional fakt deyil, qlobal miqyasda qəbul olunan bir həqiqətdir.
Tarixi yaddaşın və sülh ideyasının simvoluna çevrilmiş Gernika şəhəri uzun illərdir münaqişələrin dialoq yolu ilə həllini təşviq edən beynəlxalq təşəbbüslərin mərkəzində dayanır. 1937-ci ildə ağır bombardmana məruz qalan bu şəhər sonradan sülhün və barışığın rəmzinə çevrilib. Bu səbəbdən “Gernika” mükafatı adətən yalnız real siyasi nəticələr əldə etmiş liderlərə təqdim olunur.
Məsələn, BMT-nin Baş Katibi Antoniu Quterreş 2025-ci ildə multilateralizm, qaçqınların hüquqları və iqlim dəyişikliyi ilə mübarizədəki xidmətlərinə, Kolumbiyanın keçmiş Prezidenti Xuan Manuel Santos 2017-ci ildə FARC qruplaşması ilə sülh müqaviləsi imzaladığına görə (Santos həmçinin Nobel Sülh Mükafatı laureatıdır) təltif ediliblər.
Bu mötəbər mükafatın Prezident İlham Əliyevə verilməsi onun regionda sabitlik və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətində atdığı addımların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Çünki son illərdə Cənubi Qafqazda yaranan yeni siyasi reallıq məhz Azərbaycanın təşəbbüskarlığı və strateji qərarları nəticəsində mümkün olub.
Əbu-Dabidən Gernikaya: Sülh siyasətinə beynəlxalq etimad
Qeyd edək ki, 2026-cı il yalnız bir mükafat ili deyil, həm də Prezident İlham Əliyevin sülh siyasətinə verilən ardıcıl beynəlxalq qiymətləndirmələrin ili kimi tarixə düşüb. Hələ ilin əvvəlində o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Əbu-Dabi şəhərində təqdim olunan nüfuzlu “Şeyx Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülmüşdü.
Beləliklə, əvvəl Əbu-Dabidə, daha sonra isə Gernikada elan olunan mükafatlar bir mühüm reallığı ortaya qoyur: Azərbaycanın həyata keçirdiyi sülh siyasəti artıq regional çərçivəni aşaraq qlobal səviyyədə qəbul olunur. Bu ardıcıllıq təsadüfi deyil – bu, diplomatik strategiyanın nəticəsidir.
İlham Əliyevin diplomatik kursu: Münaqişədən inkişafa
Son illərdə regionda baş verən dəyişikliklər yalnız hərbi və siyasi müstəvidə deyil, həm də iqtisadi və geosiyasi sahədə yeni imkanlar yaradıb. Nəqliyyat marşrutlarının açılması, enerji layihələrinin genişlənməsi və regional əməkdaşlığın güclənməsi Cənubi Qafqazı strateji tranzit və logistika mərkəzinə çevirmək potensialı yaradır.
Beynəlxalq müşahidəçilər vurğulayırdılar ki, bu proseslər sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir və regionun uzunmüddətli inkişafına zəmin yaradır. Bu baxımdan İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız milli maraqların qorunması deyil, həm də regional təhlükəsizlik arxitekturasının qurulması kimi qiymətləndirilir.
Yeni siyasi statusun təsdiqi
Gernika və Əbu-Dabi mükafatları birgə götürüldükdə, bu hadisələr sadəcə diplomatik jest kimi deyil, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin sülh siyasətinə verilən bu ardıcıl beynəlxalq etimad regionda yeni siyasi statusun formalaşdığını göstərir.
Başqa sözlə, bu mükafatlar təkcə bir liderin şəxsi uğuru deyil bu, Azərbaycanın regionda yaratdığı yeni reallığın və sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin rəsmi təsdiqidir.
Aqil Ələsgər













