Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əcnəbi filmlərlə böyüyən nəsil - Azərbaycanda animasiya filmləri niyə çəkilmir? – HƏYƏCAN TƏBİLİ

“Yaxşı olar ki, ölkəmizdə yerli animasiya filmlərinin istehsalına xüsusi diqqət ayrılsın. Əgər kadr qıtlığı mövcuddursa, xarici ölkələrdən kadrlar da dəvət etmək yaxşı olar. Özəl sektorda isə sırf bu sahə ilə məşğul olan şirkətlər yaradılmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında ölkəmizdə animasiya filmləri ilə bağlı ümumi vəziyyəti dəyərləndirən aktyor-rejissor İmran Ali Qurban deyib.

O, bildirib ki, valideynlər animasiya filmlərində yaş təbəqələrinə xüsusi diqqət etməlidir. Uşağın baxması üçün seçilən animasiya filmləri psixoloji travma və gərginliyə şərait yaratmamalıdır:

“Əslində yaradıcı sənətdə daim təbliğat olur. Yəni, istənilən film, tamaşa, hətta reklamlar belə nəyisə təbliğ etmək üçün mövcuddur. Bu təbliğat vasitəsilə insanlar arasında hansısa mövzularda maarrifləndirmə işləri aparılır. Animasiya filmlərində isə daha çox uşaqların dünyagörüşünə müsbət təsir edən, onları psixoloji olaraq çətin duruma salmadan mövzulara toxunulmalıdır. Məsələn, “Simpsonlar” multserialı uşaqlar deyil, böyüklər üçün çəkilib. Bu baxımdan yaxşı olar ki, bu multserialı böyüklər izləsin. Ümumilikdə Azərbaycanda da animasiya filmlərinə maraq yüksək səviyyədədir. Bu baxımdan yaxşı olar ki, ölkəmizdə yerli animasiya filmlərinin istehsalına xüsusi diqqət ayrılsın”.

Azərbaycanda dublyaj olunan animasiya filmləri ilə bağlı keyfiyyətin səviyyəsinə də toxunan İmran Ali Qurban hesab edir ki, son dövrlər dublyaj sahəsində irəliləyiş müşahidə olunur:

“Mövcud şəraitdə dublyaj sahəsindəki vəziyyəti müsbət dəyərləndirmək olar. Çünki sənət adamları içərisində sırf bu işlə məşğul olanlar var. Sənət camiəsində olan Elman Rəfiyev, Vüsal Xaliqoğlu, Vüsal Murtuzəliyev, Ramil Zeynalov, Elşən Rüstəmov, Kazım Abdullayev, Kamal Yaşar və digər şəxsləri buna misal çəkmək olar. Bu şəxslər dublyaj sahəsində öz sözlərini deyiblər və animasiya filmlərini yüksək səviyyədə dublyaj edirlər”.

İmran Ali Qurbana görə, ölkəmizdə təkcə animasiya filmləri deyil, ümumilikdə kino sahəsinin inkişafı üçün ilk növbədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası əsaslı təmir olunmalıdır:

“”Azərbaycanfilm” Kinostudiyası keyfiyyətli kino istehsal edən bir məkana çevrilməlidir. Bununla yanaşı, avadanlıqlardan düzgün istifadə edən və işini bilən peşəkar kadrların formalaşdırılması vacibdir. Əgər kadr qıtlığı mövcuddursa, xarici ölkələrdən kadrlar da dəvət etmək yaxşı olar. Özəl sektorda isə sırf bu sahə ilə məşğul olan şirkətlər yaradılmalıdır.
Animasiya filmləri daha çox uşaqlar üçün nəzərdə tutulub. Böyüklər üçün nəzərdə tutulan istənilən filmlə animasiya filmlərini müqayisə etsək, statistik göstərici baxımından animasiya filmi daha üstün olacaq. Çünki bütün uşaqların animasiya fimlərinə marağı yüksəkdir. Uşaq olan yerdə isə daim gəlir olur. Bu baxımdan gəlir olan yerdə istehsal sürətlə inkişaf edir. Təəssüf ki, ölkəmizdə hələlik bu işlə məşğul olan şirkət yoxdur”.

Cəvahir

www.yenicag.az

1199