Ədəbiyyat Türk dünyasının ortaq nəfəsidir

media-hightechnic-468x90

Yaxud ümumtürk ədəbiyyatı ortaq yaddaşımızı formalaşadırmaqla bizi ortaq gələcəyə aparır

Birinci məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin birincisi oxuculara təqdim edilir.

Türk dünyasında sözə, ədəbiyyata xüsusi önəm verilir

media-b710e1c6-c02b-40c1-9b61-23f6af4b8c4d

Beləliklə, dünyada, o cümlədən Türk dünyasında sözə, ədəbiyyata xüsusi önəm verildiyini, bütün türklərin Ulu Ozanı Dədə Qorqudun da məhz söz ustadı olduğununəzərə alaraq ilk müraciət etdiyimiz istiqamət ədəbiyyat oldu. Bu istiqamət üzrə həmsöhbətlərimiz isə Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri başqanı Əkbər Qoşalı və Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi, Özbəkistan Respublikasının “Şöhrət ordeni” laureatı Xasiyyət Rüstəmdir.

Ümumumtürk ədəbiyyatının yaranması və formalaşmasına dair tarixi mənbələrdə və müəllif araşdırmalarında öz əksini tapan faktlara, o cümlədən adını çəkdiyimiz həmsöhbətlərimizin fikirlərinə keçməzdən öncə isə vurğulamaq yerinə düşər ki, kifayət qədər geniş və əhatəli yanaşma tələb edən bu istiqamət üzrə 3 məqalə təqdim edəcəyik.

Beləliklə, öncə vurğulamaq yerinə düşər ki, ümumtürk ədəbiyyatı bütün türk xalqlarının ortaq mədəni irsini əks etdirən zəngin və çoxşaxəli bir ədəbiyyat sahəsidir. Bu,türk xalqlarının tarix boyunca yaratdıqları yazılı və şifahi ədəbiyyat nümunələrini əhatə edir və bu xalqların ortaq dəyərlərini, dünyagörüşünü, o cümlədən mədəniyyətini əks etdirir.

“Kitabi Dədə Qorqud” dastanı -qədim ümumtürk ədəbiyyatının yeganə yazılı eposu

Tarixi mənbələrdən də bəlli olduğu kimi, ümumtürk ədəbiyyatının başlanğıcı qədim dövrlərə, xüsusilə VI-IX əsrlərə təsadüf edir. Məsələn, Azərbaycanın əməkdar elm xadimi Tofiq Məlikli araşdırmalarında qeyd edir ki, qədim türk ədəbiyyatının formalaşmasında Oğuz türkcəsi önəmli rol oynayıb. Vurğulandığı kimi, bəzi türkoloqlara görə, poeziya, bəzilərinə görə isə epitafik nəsr kimi dəyərləndirilən Türk runik yazıları – qədim ortaq türk ədəbiyyatının misilsiz örnəkləridir. 

Bu dövrdə yaranmış əsas ədəbiyyat nümunələrindən bəhs edərkən ilk növbədə “Kitabi Dədə Qorqud” dastanını qeyd etmək lazımdır. Çünki qədim ümumtürk ədəbiyyatının yeganə yazılı eposu olan bu dastan oğuzlarda bədii təfəkkürün formalaşması və gəlişməsində də böyük rol oynamışdır. 12 boydan ibarət dastan Oğuz türklərinin qəhrəmanlıq, ailə, mərdlik, birlik və mənəvi dəyərlərini əks etdirir. Xatırladaq ki, ümumtürk kimliyinin formalaşmasında və milli-mənəvi yaddaşın qorunmasında misilsiz yer tutan “Kitabi Dədə Qorqud” 2018-ci ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Bundan başqa, Göytürk imperiyası dövründə yazılmış türk xalqlarının ilk yazılı abidələri hesab edilən Orxon-Yenisey kitabələri, Aprın Çor Tikinin şeirləriqədim dövrlərə aid ümümtürk ədəbiyyatı nümunələridir.

Bu məqamda, bir haşiyə çıxmaq vacibdir. Ümümiyyətlə türk dastanları xalqın tarixini, qəhrəmanlıq hekayələrini, təbiətlə mübarizəsini və milli dəyərlərini əks etdirən ən önəmli mədəni miraslardan biridir. Bu dastanlar türklərin Orta Asiyadan başlayaraq fərqli coğrafiyalara yayılmasını və tarix boyunca qarşılaşdıqları çətinliklərə qarşı göstərdikləri müqaviməti təsvir edir. Ən tanınmış türk dastanları arasında Oğuz Kağan Dastanı, Dədə Qorqud dastanı, Manas Dastanı, Alp Ər Tonqa Dastanı, Ergenekon dastanı, Bozqurd Dastanı, Koroğlu Dastanı, və Edigey Dastanı yer alır.

Orta dövrə gəlincə, qeyd etmək yerinə düşər ki, IX-XIII əsrlərdə türk-islam mədəniyyətinin inkişafı ilə ümumtürk ədəbiyyatı da zənginləşmişdir. Şifahi xalq ədəbiyyatı -bayatılar, nağıllar, atalar sözləri məhz buna misaldır. Məsələn, bu dövrə aid Azərbaycanla bağlı “Əsli və Kərəm” dastanını qeyd etmək olar. Şifahi ədəbiyyata əsaslanan bu dastan həm sevgi, həm də dini-mədəni qarşıdurmaların mənfi təsirini özündə əks etdirir. Bu dastan Azərbaycanla yanaşı Anadolu və Qafqaz türkləri arasında geniş yayılmışdır.

Bəhs edilən dövrə aid ümumutürk ədəbiyyatnın digər nümunələri baxımından isə Yusif Balasaqunlunun XI əsrdə yazdığı, dövlət idarəçiliyi və əxlaq haqqında didaktik poema olan Qutadqu Bilik,  Mahmud Kaşğarlının XI əsrdə yazdığı, türk dillərinin lüğəti olmaqla yanaşı, türk mədəniyyəti və ədəbiyyatı haqqında da məlumat verən Divanü Lüğat-it-Türk, Əhməd Yasəvinin XII əsrdə yazdığı, təsəvvüfi məzmunlu şeirlər toplusu və türk-islam ədəbiyyatının mühüm nümunəsiolan Divan-i Hikmət”i xüsusilə qeyd etməliyik.

XIII-XV əsrlərdə ümumtürk ədəbiyyatı daha da inkişaf edib

Klassik dövrə gəlincə, bildirmək yerinə düşər ki XIII-XV əsrlərdə ümumtürk ədəbiyyatı daha da inkişaf edib və aşağıdakı şəxsiyyətlər bu dövrün əsas nümayəndələri kimi tarixə düşüblər: XIII əsrin ikinci yarısı ilə XIV əsrin əvvəllərində yaşamış, təsəvvüf və insanpərvər mövzularda yazdığı şeirlərlə tanınan Yunus Əmrə; XIII əsrin böyük sufi şairi, “Məsnəvi” əsəri ilə tanınan və türk ədəbiyyatında dərin iz buraxan Mövlana Cəlaləddin Rumi; XV əsrdə yaşamış şair, türkcənin ədəbi dil kimi formalaşmasında mühüm rol oynayan Əlişir Nəvai; Hürufiliyi və insan ruhunun ilahi mahiyyətini təbliğ edən, türk dili ilə yazdığı qəzəlləri ümumtürk ədəbiyyatının zirvələrində olan dahi şair İmadəddin Nəsimi (XIV-XV əsrlər); Azərbaycan ədəbiyyatının klassiki, “Leyli və Məcnun” poemasının müəllifi, poetikası həm Azərbaycan, həm də ümumtürk ədəbiyyatına böyük təsir göstərmişMəhəmməd Füzuli (XVI əsr) və s.

Tarixi mənbələrdə də vurğulandığı kimi, XIX-XX əsrlərdə ümumtürk ədəbiyyatı yeni mövzular və janrlarla zənginləşib. Həmin dövrdə aşağıda adlarını qeyd etdiyimiz yazıçılar və şairlər ümumtürk ədəbiyyatına öz töhfələrini veriblər: Klassik Qazax ədəbiyyatının banisi, maarifçilik ideyalarını təbliğ edən Abay Qunanbayev; Qırğız yazıçısı, əsərlərində insan və təbiət münasibətlərini dərin fəlsəfi kontekstdə təsvir edən Çingiz Aytmatov; Türkiyəli şair, sosial ədalət və insan haqları mövzusunda yazdığı şeirlərilə tanınan Nazim Hikmət və s.

Azərbaycana gəlincə, ilk realist və maarifçi yazıçı-dramaturqlardan biri Mirzə Fətəli Axundzadə XIX əsrdə qələmə aldığı “Molla İbrahimxəlil kimyagər” və digər komediyalarla tənqidi realizmin əsasını qoyub. O, cümlədən Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Əhməd Cavad Azərbaycanın milli oyanış dövründə həm ictimai, həm də ədəbi ideologiyanı gücləndirən yazarlar kimi tarixə düşüb. Ondan sonrakı dövrdə, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sabir Rüstəmxanlı, Anar, Elçin kimi yazıçı və şairlər öz əsərləri ilə həm də ümumtürk ədəbiyatının inkişafına təkan veriblər.

(Ardı var)

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

media-677905b9-e635-45d3-bbb7-09e2681bc8bb

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600