“Əgər hər hansı bir ailədə radikalçı formalaşırsa, …”
“Əgər bu gün Azərbaycanın bəzi bölgələrində dini-missionerlik fəaliyyət göstrərirsə, Azərbaycan ailələri bunlara qoşulursa, Azərbaycan ailəsinin sütunu olan qadın missionerlərin tədbirlərinə qoşulub hansısa dini ayinləri ifa edirsə, bu məni çox təəccübləndirir: “Demək hansısa dini missionerlər ailələrə nüfuz edə biliblər”.
Bu barədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na aid keçirilən konfransda DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, ailə qurarkən hər hansı dini ehkamı ortaya qoyaraq bundan sui-istifadə etmək doğru deyil. Ailə institutunun daha da möhkəmləndirilməsi üçün cəmiyyətdə din-ailə münasibətləri geniş şəkildə müzakirə edilməlidir: “Bəzi yerlərdə erkən yaşda ailə qurmağa sövq edilirlər. Təbii ki, burada təşviqata yer verilir. Ona görə də bunu hər hansı formada bəziləri dinlə bağlamaq istəyirlər. Biz vətəndaşlarımıza izah etməliyik ki, ailə qurmaq hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Bu məsələlərdə hər hansı dini ehkamı ortaya qoyaraq bundan istifadə etmək doğru olmazdı”.
Konfransda üç əsas amilin diqqət önündə olduğunu deyən M.Qurbanlının sözlərinə görə, bunlar müasir dövrün çağırışları, ailə institutu və ailə institutuna dini dəyərlərin təsiridir.
“Əgər hər hansı bir ailədə radikalçı formalaşırsa, burada ananın da qüsuru var. Bunu hansısa dövlət qurumunun üzərinə qoymaq olmaz və buna görə biz bunu müzakirə etməliyik. Cəmiyyətimizin içində nədən bu hadisələrin baş verdiyini müzakirə etməliyik”(azadinform).