“Fransanın Cənubi Qafqaz regionuna təsir imkanları çox məhduddur”.
Bu fikirləri Fransada ötən gün keçirilmiş prezident seçkilərinin ilk turunda müəyyənləşən nəticələrin bu ölkənin ictimai rəyinin ifadəsi olduğunu vurğulayan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, birinci turda Le Pen kifayət qədər çox səs toplasa da, ikinci turda Makron qalib gələcək:
“Əvvəla, Fransada solçular yox sayılacaq qədər zəifdirlər. O baxımdan, prezident seçkilərində solçuların nümayəndəsi olan Melanşonun ikinci tura keçə bilməməsi təbiidir. Ümumiyyətlə, son prezident seçkilərində solçuların namizədinin ikinci tura keçməməsi qanunauyğunluq kimi qarşılanır.
Belə bir şəraitdə mübarizənin sağçılar – Makron və Le Pen arasında gedəcəyi məlum idi. İkinci tura da bu namizədlər keçdi. Doğrudur, Le Pen kifayət qədər çox səs toplayıb, amma. fikrimcə, ikinci turda Makron qalib gələcək.
Digər tərəfdən Fransada kimin prezident seçilməyinin Azərbaycana hər hansı təsiri yoxdur. Çünki Fransanın Cənubi Qafqaz regionuna təsir imkanları çox məhduddur. Oradakı seçkilərin nəticələri Rusiya üçün əhəmiyyətli ola bilər ki, möcüzə sayəsində Le Pen seçilsə, bu halda o çalışacaq ki, Moskva ilə münasibətləri dərinləşdirsin. Amma Ukraynaya hərbi müdaxilədən sonra Rusiyanın heç bir şansı yoxdur”.
A.Zeynalov
www.yenicag.az