“Yenilənəcək qanuna dövrün tələbinə uyğun yeni bəndlər salınmalı və dəyişikliklər indiki reallığı əks etdirməlidir”.
Bu fikirləri yenilənməsi gözlənilən siyasi partiyalar haqqında qanuna daxil edilməsi vacib olan müddəalar barədə danışan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin fikrincə, təkmilləşdirilməsinə ehtiyac olan sözügedən qanun siyasi partiyaların fəaliyyətinə təkan verməlidir:
“Həqiqətən də, yaranmış yeni şəraitdə siyasi partiyalar haqqında qanunun təkmilləşdirilməsi zəruridir. Hesab edirəm ki, dəyişdirilməsi gözlənilən qanuna dövrün tələbinə uyğun yeni bəndlər salınmalı və dəyişikliklər indiki reallığı əks etdirməlidir.
Bizim partiya da yeni qanunla bağlı öz təkliflərini artıq təqdim edib. Təkliflərimizin mahiyyəti siyasi partiyaların fəaliyyəti üçün münbit zəminin genişləndirilməsi barəsindədir. Məsələn, belə düşünürük ki, partiyaların normal fəaliyyəti, ilk növbədə, onun özünün qərargahının olmasından asılıdır.
Ona görə də təklif etmişik ki, siyasi partiyalara qərargah inşası üşün dövlət mülkiyyətinə daxil olan ərazilərdən münasib qiymətə torpaq sahəsi alınmasına imkan yaradılsın. Bu halda partiyalar öz resursları ilə qərargah inşa edə bilərlər.
Açığı, bu və ya digər təkliflərimizin nə dərəcədə nəzərə alınacağını bilmirəm. Əgər ölkədəki siyasi sistemin real inkişafında maraqlıyıqsa, o zaman irəli sürülən təkliflərə obyektiv yanaşılması məqsədəuyğundur. Əks halda, çoxpartiyalı siyasi sistemin varlığı formallıqdan çıxmayacaq”.
A.Zeynalov
www.yenicag.az