Orban böyük dövlətlərin beynəlxalq qanunlara hörmət etmədiyini dedi
Beynəlxalq qanunlar artıq işləmir, böyük dövlətlər qərar qəbul edərkən onları nəzərə almır və bu, açıq şəkildə yeni dünya nizamının formalaşdığını göstərir.
Yenicag.az xəbər veirr ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən mətbuat konfransında səsləndirib.
“Beynəlxalq qanunlar artıq böyük dövlətlər üçün qərar qəbul edərkən istinad nöqtəsi deyil”, – deyə hökumət başçısı ABŞ-nin Venesueladakı hərbi əməliyyatını şərh edərkən bildirib.
Orban hesab edir ki, bu hadisələrin nəticələri təkcə Latın Amerikasında deyil, dünyanın digər bölgələrində də görünəcək. Onun proqnozuna görə, Venesuela yalnız bir əməliyyatdır, başqaları da olacaq.
Baş nazir, əslində, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu fikri ilə razılaşıb. Eyni zamanda, o belə pozuntuların Avropada da baş verdiyini və Avropa İttifaqının hazırkı rəhbərliyinin buna yol verdiyini vurğulayıb.
“Beynəlxalq qanun Macarıstanın maraqlarını qorumaq üçün işləmir, çünki Brüssel onu pozur. Belə olan halda, başqa yerlərdə ona məhəl qoyulmadıqda niyə narahat olmalıyıq?” – deyə Orban sual edib. O qeyd edib ki, hazırda yeni dünya nizamı formalaşır, baxmayaraq ki, hələ onun necə olacağı barədə danışmaq tezdir.












