“Əgər xarici qüvvələr qərar versə, şərti sərhəddə gərginlik ola bilər” – İrəvan savaşın yeni ssenarisini YAZIR?
“Əgər xarici qüvvələr qərar versə, şərti sərhəddə gərginlik ola bilər”.
Bu fikri Ermənistanda revanşist qüvvələrin aktivləşməsi və bunun gətirə biləcəyi gərginliyi Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov səsləndirib.
Onun sözlərinə görə, revanşist qüvvələr xarici qüvvələrin təsiri altındadır:
“Ermənistanda hazırkı müxalif düşərgə “Qarabağ kartı” üzərindən Paşinyan hökumətinə təsir etmək istəyirlər. Bundan əlavə, onlar hələ də məğlubiyyəti həzm edə bilmirlər. Müxalif düşərgə ilə yanaşı erməni diasporu və kilsəsi Azərbaycana qarşı addımlar atmaq istəyir. Onlar Qarabağı yenidən işğal etmək niyyətindədir deyə bilərik. Həmçinin Ermənistana Rusiya və Fransanın çox ciddi təsiri var. Təsadüfi deyil ki, revanşistlər son zamanlar Rusiyada daha çox aktivlik göstərirlər. Bu həm də Rusiyanın hazırkı Ermənistan hakimiyyətinə təsir üçün lazımdır”.
R. Məhərrəmovun fikrincə, nəzərə almaq lazımdır ki, revanşist qüvvələrin Ermənistan ordusuna təsiri var:
“Ermənistanda Qarabağdan köçənlərin də aktivləşməsini müşahidə edirik. Ölkə daxilində bu qədər gərginlik şərti sərhədə də sirayət edə bilər. Ermənistan ordusu, əgər təxribatlar törədərsə, Azərbaycan ordusu mütləq şəkildə cavab verməlidir. Bundan əlavə, revanşistlər elə təxribatlar törədə bilər ki, bu toqquşmaya da gətirib çıxara bilər. Azərbaycan ordusu daim hazır vəziyyətdə olmalı və qarşı tərəfi nəzarətdə saxlamalıdır. Əgər xarici qüvvələr qərar versə, şərti sərhəddə gərginlik ola bilər”.
Səxavət Məmməd