“Parıltısı ilə göz qamaşdıran və alov püskürən Əjdaha məni məmnun edə bildi və məni uğurlarla müjdələdi. Buna görə, mən də onu minnətdarlıq duyğusu ilə yola salıram”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Aytəkin Mərdanova yola salmağa hazırlaşdığımız Əjdaha ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Aparıcı qarşıdan gələn İlan ilindən gözləntilərinin də böyük olduğunu bildirib:
“Əjdaha məni sevindirdi. 2024-cü ildə üçüncü verilişimi təqdim etdim, il ümumilikdə düşərli oldu. Ağıllı, müdrik, diqqətli İlandan da çox şeylər gözləyirəm. Astroloqların proqnozuna görə, İlan ili əlamətdar dəyişikliklər və fürsətlərlə dolu olacaq. İlan ili ümumilikdə ağıllı qərarlar, planlama və ehtiyatlı davranışla əlaqələndirilir. Düzdür, İlan soyuq olur, amma mən ondan özümə qarşı isti münasibət gözləyirəm. İnanıram ki, İlanla da yola gedəcəyəm.
Onu da deyim ki, hər zaman il başlayanda onu gözəl qarşılayıram. Xeyirli işlər, maraqlı səyahətlərlə başlayıram ki, ilim belə də davam etsin. Bir ana olaraq da arzularım var. Oğlum 11-ci sinifdə olduğu üçün onun tələbə adını qazanacağı günün sevincini yaşamaq arzundayam”.
Cəvahir
www.yenicag.az