Ekspert bu evlərdə yaşayanlara XƏBƏRDARLIQ ETDİ: “Yaxın 5 il ərzində...”
“Yaxın 5 il ərzində biz artıq köhnə tikililərlə tamamilə vidalaşmalı olacağıq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə bildirib.
Ekspert son vaxtlar Bakı və ətraf ərazilərdə evlərin qiymətlərinin artan tempdə dəyişməsini şərh edərək bir çox mövzulara toxunub:
“Bakı və ətraf ərazilərdə mənzillərin qiyməti ilə bağlı, ilk növbədə, sahəsinə görə danışa bilərik. Sovetlər dönəmində inşa olunan binalarda isə otaq sayına, layihəsinə görə qiymətlər fərqlidir. Şəhərin mərkəzində birotaqlıların qiyməti, demək olar ki, 100 min manatdan başlayır, 150 min manata qədər gedir. İkiotaqlılar təxminən 130 min manatdan, üçotaqlılar isə 180 min manatdan yuxarıdır. Ətraf ərazilərdə isə bu qiymətlər daha aşağıdır. Məsələn, Qaradağ rayonunda birotaqlılar 65-70 min manatdan, ikiotaqlılar təxminən 80 min manatdan, üçotaqlılar isə 100 min manatdan başlayır”.
O, diqqətə çatdırıb ki, paytaxtın ən bahalı rayonları Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarıdır:
“Digər rayonlarda isə orta seqmentdədirlər. Aşağı seqmentdə isə Pirallahı rayonu, Sabunçu rayonu, Qaradağ rayonunun özüdür ki, orada qiymətlər daha aşağıdır”.
R. Qasımzadə həmçinin fərdi yaşayış evlərinin gələcək durumuna da aydınlıq gətirib:
“Mənzillərdə qiymətlərin artımı fərdi yaşayış evlərinin də qiymətinə təsir edir. Ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir göstərən amil torpaq bazarında qiymətlərin artımıdır”.
Ekspert yaxın 5 ildən sonra fərdi yaşayış evlərinin bazardan çıxacağı ilə bağlı vətəndaşlara xəbərdarlıq edib:
“Söküntülər ucuz mənzil bazarını tədricən sıradan çıxarıb. Getdikcə ucuz mənzillər, demək olar ki, tədricən olmayacaq. Bu isə o deməkdir ki, artıq yeni tikililərdə olan qiymətlər köhnə tikililərlə müqayisədə bahalaşmağa doğru gedir. Məsələn, bu gün köhnə tikililərdə 1 m² orta qiyməti təxminən 2.000-2.200 manat ətrafındadırsa, yeni tikililərdə bu 2.800-3.000 manat aralığındadır. Təbii ki, söhbət təmirli mənzillərdən gedir. Bu səbəbdən, tədricən yaxın 5 il ərzində biz artıq köhnə tikililərlə tamamilə vidalaşmalı olacağıq, onların əvəzində yeni tikililər gələcək ki, bu da yeni bazar formalaşdıracaq”.