!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əl-Bağdadi amerikalı qadını zorlayıbmı?

!Reklam – Yazi

106088_res_01Britaniyada çıxan “The İndependent” qəzeti yazır ki, həm də İŞİD kimi tanınan “İslam Dövləti” adlı təşkilatın lideri Əbu Bəkr əl-Bağdadi ABŞ-dan olan girov Kayla Mueller də daxil olmaqla əsir qadınlara Suriyadakı evlərdən birində dəfələrlə cinsi təcavüz edib.

Bu gün 27 yaşı tamam olmalı olan amerikalı humanitar yardım işçisinin cihadçıların lideri tərəfindən dəfələrlə zorlanması barədə ötən ilin avqustunda İraqın Sincar regionunda əsir alınmış yezidi qız danışıb.

O deyib ki, 2014-cü ilin oktybarında Suriyanın əl-Şədadiyə şəhərindən qaçanadək iki ay müddətdtində xanım Muellerlə bir evdə saxlanıb.

Qəzet yazır ki, İraqın Mosul şəhərində iki ay saxlandıqdan sonra sözügedən 14 yaşlı yezidi qız və xanım Mueller də daxil daha 4 qadın əl-Şədadiyə şəhərinə aparılıblar.

Şahidlik edən qız bildirib ki, xanım Mueller əsirlikdə olarkən ərəb dilini azacıq öyrənibmiş.

5 milyon avro tələbi

Kayla Mueller 2013-cü ilin avqustunda sevgilisi ilə İspaniya Sərhədsiz Həkimlər təşkilatının Hələbdəki xəstəxanasından çıxarkən oğurlanmışdı. İŞİD onun azad olunması üçün 5 milyon avro tələb edirdi.

Kayla Muellerin ölümü müəmmalı olaraq qalır

Xanım Mueller 2012-ci ilin dekabrında Türkiyə-Suriya sərhədinə getmiş və burada qaçqınlarla işləyən “Support to Life” təşkilatına qoşulmuşdu.

Yezidi qızlar deyiblər ki, əl-Şədadiyədə saxlandıqları vaxtlarda İŞİD lideri onların qaldıqları evə tez-tez baş çəkərmiş.

Bu evdə əsasən təmizlik işlərinə baxan şahid qızlar deyiblər ki, İŞİD qadınların zorlanmasına qələbə “mükafatı” kimi baxır və həmin evdə bir çox yezidi qadın qul kimi satılmazdan və cihadçılara “hədiyyə” edilməzdən əvvəl sistematik zorlanmaya məruz qalıblar.

Seks ticarətinə baxan Ümm Səyyaf

Qızlar həmçinin bildirirlər ki, İŞİD-in seks ticarəti məsələlərinə təşkilatın tunisli maliyyəçisi Əbu Səyyafın arvadı Ümm Səyyaf baxırmış. Bu qadın may ayında ABŞ xüsusi xidmət orqanlarının Suriyada keçirdiyi reyd zamanı yaxalanıb və deyilənlərə görə, hazırda hərbi müstəntiqlərə ifadə verir.

Ötən həftə Ağ Ev bildirmişdi ki, Ümm Səyyaf İraq Kürdüstanında mühakimə olunacaq və “öz cinayətlərinə görə cavab verəcək”.

Əl-Şədadiyədəki evdə dörd yeniyetmə qız xanım Muellerlə bir otaqda yaşayıblar. Qızlar deyirlər ki, o, yezidi yeniyetmələri Ümm Səyyafın qəddarlığından qorumağa çalışırmış və bu zaman hətta özünü də təhlükə qarşısında qoyurmuş.

Yezidi qızlar danışırlar ki, Əbu Bəkr əl-Bağdadi həmin evə gələndə Kaylanı onun otağına aparırdılar və o, oradan qayıdandan sonra başına gələnləri ağlaya-ağlaya nəql edirmiş.

“Xəlifə”nin “evlənməyi”

“The İndependent” yazır ki, yezidi qızlar “cinsi təcavüz” ifadəsi əvəzinə “əl-Bağdadi hər dəfə Kayla ilə zorla evlənirdi” cümləsini işlədirdilər.

Əbu Bəkr əl-Bağdadi

Qəzet yazır ki, Mueller ailəsinə yaxın mənbə qızların dediklərinin həqiqət ola biləcəyini bildirib. Bu da söylənir ki, ailəsi Kaylanın İslamı qəbul etdiyinə dair iddialardan hiddətlənirmiş.

Məqalədə deyilir ki, “xilafət” adamları yezidi qadınlar İslamı qəbul etmədən onlarla evlənmirmişlər.

2014-cü ildə Sincar dağında əsir götürülmüş yüzlərlə yezidi qadın “seks köləsi”nə çevrilirdilər.

Qızlar danışırlar ki, həmin evdə iztirab çəkən təkcə xanım Mueller olmayıb. Əbu Bəkr əl-Bağdadi bir yezidi qızla da “evlənib”miş. Əbu Səyyaf və evə yeni qızlar gətirən Əbu Tamim adlı birisi də qızlarla bu sayaq “evlənirmişlər”.

Qaçışdan imtina

14 yaşlı yezidi qız və onun bacısı 2014-cü ilin oktyabrında həmin evdən qaçarkən, dediklərinə görə, Muellerə də onlara qoşulmağı təklif ediblər. Lakin o, öz əcnəbi görkəmi ilə qızları da xataya sala biləcəyini deyərək bundan imtina edib.

Qızlar Kürdüstan rayonuna gəldikdən sonra “bəzi amerikalılar” tərəfindən dindirildiklərini söyləyiblər.

“The İndependent” yazır ki, Kayla Muellerin ölməsi şəraiti indiyədək müəmmalı qalır. İŞİD iddia edir ki, Kayla İordaniya hərbi təyyarələrinin Raqqa yaxınlığına endirdiyi raket zərbələri zamanı həlak olub.

Bu xəbər təsdiqini tapmayıb. Hava reydlərinin Əbu Bəkr əl-Bağdadini və İŞİD-i hədəflədiyi bildirilib və təşkilat Muellerin hicaba bürünmüş cəsədinin şəklini emaillə onun ailəsinə göndərib.

İŞİD “bacımız” deyib

Ötən fevral ayında Kayla Muellerin öldürüldüyünü elan edərkən prezident Barak Obama “nəyin bahasına olursa olsun qatillərin tapılacağını” vəd etmişdi.

“Kayla öz cavan həyatını azadlıq, ədalət və sülh ehtiyacında olanlara yardıma həsr edib” – demişdi ABŞ prezidenti.

Muellerin ölümünü elan edərkən İŞİD onu “bacımız” adlandırmışdı. 2015-ci ilin mayında Amerikanın “Delta” qrupunun əl-Şədadiyədə keçirdiyi əməliyyat zamanı Əbu Səyyaf öldürülümüş, arvadı isə həbs edilmişdi.

Bu evdən tapılan kompüterlərdən və USB yaddaşlarından bəlli olmuşdu ki, bura İŞİD-in mühüm komanda mərkəzlərindən biri olub.

Bu əməliyyat zamanı bir neçə yezidi qız da azad edilib. Lakin Mueller barədə məlumatı verən qız Şədadiyədə onunla əsir olanlardan heç birini görmədiyini söyləyib.

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv