Elçin Şıxlı istintaqa ifadə verdi
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
Elçin Şıxlı deyib ki, müstəntiqlər onu ifadə verməyə dəvət ediblər: “Getdim ifadə verdim. Suallar Rauf Mirqədirov və açılmış cinayət işi ilə bağlı idi. Ümumi məsələləri soruşurdular, normal suallar verirdilər, elə bir şey yox idi. Amma səsimin çıxmayacağına, istintaqda dediklərimi heç yerdə danışmayacağıma dair yazılı iltizam vermişəm. Ona görə də danışa bilmərəm”.
“Zerkalo”nun Türkiyə təmsilçisi olan Rauf Mirqədirov aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işini Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb araşdırır.
Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.