“Kim nə istəyir danışır, biri utanıb-qızarmadan soyunur, digəri bağıraraq təhqir edir…”
Bunu sosial şəbəkələrdə onu qıcıqlandıran məqamlardan danışarkən tanınmış meyxanaçı Mehman Əhmədli Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi iki məqamın onu daha çox özündən çıxardığını bildirib:
“Məni sosial şəbəkələrdə iki məqam qıcıqlandırır ki, bunlardan biri tərbiyəsizlikdir. İnsanların hədsiz dərəcədə tərbiyəsiz danışması, söyüş söyməsi, bir-birini aşağılaması insanı son dərəcə özündən çıxarır. Xüsusən də “TikTok”da. Bu sosial şəbəkədə elə oyunlardan çıxırlar ki, adam baxıb əsəbiləşir. Hansısa bir uşağın, yeniyetmənin “TikTok”a girməsi onun gələcəyini sual altında qoyur. Mütləq şəkildə buna hüquqi qadağa qoyulmalıdır. Kim nə istəyir danışır, biri utanıb-qızarmadan soyunur, digəri bağıraraq təhqir edir. Hansı birini deyim… İkinci məqam isə, dini söhbətlərin sosial şəbəkələrdə müzakirə olunmasıdır. Bəzi məhzəblərin qarşı-qarşıya dayanıb, başı çıxdı-çıxmadı dini söhbətlər etməsi, bir-birini yarğılaması qəzəb doğurur. Hələ utanmaz-utanmaz camaata dərs də keçirlər. Bir-birlərini elə təhqir edirlər ki, bəlkə də hardasa qarşılaşsalar, bir-birlərinə xəsarət də yetirərlər. Konkret qarşıdurma yaradırlar. Bu iki məqam məni çox hövsələdən çıxarır, əsəbiləşirəm”.
Meyxançı “Paylaşımlarınıza yazılan mənfi rəylərə və xoşagəlməz fikirlərə cavab verirsizmi?” sualını da cavablandırıb:
“Mən düşünürəm ki, əgər kimisə bəynmirsənsə, onu izləməməlisən. Vacibdir kiminsə paylaşımının altına xoşagəlməz fikirlər yazasan? Məndə də olub. Hər hansı paylaşımımın altında təhqiramiz fikirlər yazıblar. Nömrəsini tapmışam, görüşmüşük, sözümü demişəm, başa salmışam. Mərifətsiz, qabiliyyətsiz adamlardır. Çox vaxt da feyk profillərlə yazırlar, sonra da gizlənirlər”.
Cəvahir
www.yenicag.az