“Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilir.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın icrası çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə:
-əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə verginin tutulması təmin ediləcək;
– satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;
– əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;
– əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;
– portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;
– həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur. Hazırda Vergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olan şəxslərin vergi orqanlarında qeydiyyatdan keçməsi şərti ilə tətbiq olunacaq.
www.yenicag.az