Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Elita-R” MTK-dan ev alanların başı bəlada...

“10 ildir bir binanı təhvil verə bilməyən, bir mənzili 3-4 nəfərə satan adam yenə də Bakıda bina tikir”.

Yenicag.az xəbər verir ki, bu sözlər Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 4048/49 ünvanında yaşayan sakinlərə aiddir. Məsələ burasındadır ki, 2003-ci ildə inşasına başlanmış binada 2005-ci ildə şirkət tərəfindən yaşayışa icazə verilib. Sakinlərə isə söz veriblər ki, bina 2007-ci ildə qazla təmin ediləcək və həmçinin digər kommunal problemlər də həll ediləcək.

Bu sözün üstündən 12 il keçsə də, vədlərin heç birinə əməl edilməyib. Hazırda ərazidə üç yaşayış binası var. Onlardan ikisi guya təhvil verilib. Digəri isə hazırda 3-4 fəhlə tərəfindən inşa edilir.

“Elita-R” MTK tərəfindən tikilən binalar heç bir normaya cavab vermir. Binaların zirzəmisi su içindədir, hər yerə kanalizasiya suyu axır. Heç bir binada qaz və elektrik yoxdur. Buna səbəb isə, binanın sənədlərinin qaydasında olmamasıdır.

Hazırda binanın birində 45-ə, digərində isə 25-ə yaxın ailə yaşayır. Bütün mənzillər isə əlavə elektrik naqili ilə çəkilən xətdən istifadə edirlər. Sakinlər deyirlər ki, qış aylarında həmin naqillər həddən artıq qızır. Hətta qızan naqillərin istiliyi mənzillərdəki istilikdən daha çox olur.

Hər ay aldığı məvacibin böyük hissəsini işıq puluna verdiyini deyən bina sakini Anar Babayev, körpə övladı ilə bir neçə ildir ki, bu binada yaşayır: “Mən kasıb adamam. Toyum olacaqdı. Əlimdə də 40 min manat pulum var idi. Buradan 1 otaqlı ev aldım ki, təmir edim, yaşayım. Alanda mənə dostlarım dedi ki, peşman olacağam. Amma çarəm yox idi. O qiymətə başqa yerdən ev ala bilmirdim. Həm də söz vermişdilər ki, hər şeyi həll edəcəklər. Amma gördüyünüz kimi sözlərini tutmurlar. Evi isitmək üçün bütün maaşımı elektrik borcuna verirəm. Qarşıdan soyuq aylar gəlir və mən artıq o soyuğu canımda hiss edirəm. Evdə körpə övladım var. Hazırda onu düşünürəm”.

Sakinlər müxtəlif dövlət qurumlarına və şəxslərinə müraciət ediblər. Hamısının da cavabı eyni olub: “Deyirlər ki, bina qanunsuz tikilib. Heç bir sənəd qaydasında deyil. Hətta biz yaşadığımız yerdən arayış da ala bilmirik. Çünki sənədlərdə belə ünvan görünmür. Bakı şəhər icra hakimiyyətinə də getmişik. Orada da eyni şeyi deyirlər. Hətta bizə “Evi alanda bizdən soruşmuşdunuz?” deyən də var. Bu bina tikiləndə hara baxırdılar? Daşı-daş üstünə qoyanda gəlib adamın başını üstünü kəsdirirlər. Burada 3 icazəsiz bina tikilən zaman harada idilər, görmürdülər?

Şirkət işıq borcuna görə bizimlə anlaşmışdı ki, aylıq binanın işıq borcunun yarsını o ödəyəcək, yarısını biz. Bir il belə davam etdi, işıqlarımız da sönmədi. Sonra isə sönməyə başladı. Çünki adam borcunu ödəmir. Hacıbala Abultalıbovun evi 100 metr kənardadır. Qışda işıqlar sönən kimi yığışıb onun evinə gedirik. Harasa zəng edir, işıqlar yanır. Vaxt keçir, yenə eyni şey olur”.

Öyrəndik ki, hazırda tikilən 3-cü binada “iş gedir” görüntüsü yaratmaq üçün 3-4 fəhlə işləyir. Binada digər bir fırıldaq da var. Mənzillər arasındakı arakəsmə divarlar bir neçə mərtəbədən sonra hörülməyib. Mənzil sahiblərinə kərpic verirlər ki, onlar özləri hörsünlər. Camaat da məcbur bunu edir. Çünki elə mənzillər var ki, eyni vaxtda 3-4 nəfərə satılıb. Buna görə də, hazırda tikintisi gedən binada evini yüngül də olsa təmir edənlər var.

Rauf Əliyev adlı şəxsin rəhbəri olduğu “Elita-R” MTK şirkəti hazırda Bakının bir neçə yerində çoxmərtəbəli yaşayış binası tikir. Oxşar hadisənin oradakı mənzil sahiblərinin də başına gələcəyi heç şübhə doğurmur. Araşdırmamız zamanı bəlli oldu ki, “Elita-R” MTK bu zamana qədər tikdiyi bütün yaşayış binalarında sakinləri aldadıb, onlara problem yaşadıb. Hətta dəfələrlə məhkəməyə verilib, şirkətin adı saxtakarlar sırasına salınıb. Amma hələ də öz əməllərinə davam edirlər.

www.yenicag.az

1163
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM