Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münaibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırıldı.
Nazirlər İƏT çərçivəsində birgə fəaliyyəti təqdir etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.
Nazir Elmar Məmmədyarov ölkəmizin islam həmrəyliyinə verdiyi töhfələrdən danışdı və bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu, bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini qeyd etdi. Nazir, həmçinin, Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini dedi.
Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü, işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid abidələri vəhşicəsinə məhv etməsi, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları hədəfə alan əməlləri barəsində həmkarına məlumat verdi. Elmar Mammadyarov Səudiyyə Ərəbistanının ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğuladı.
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində həmçinin İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşüb.
Nazir Elmar Məmmədyarov bu il xarici işlər naziri təyin olunan Ayman Safadini xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salındı, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparıldı.
Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığın digər beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyini qeyd etdilər.
Tərəflər, həmçinin, dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edərək, islam həmrəyliyinin gücləndirilməsi və təşviq edilməsinin əhəmiyyətini vurğuladılar. Bu xüsusda Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu və bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini dedi.
Elmar Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərini və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirdi. Nazir Elmar Məmmədyarov İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunlarının təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə aldığı barəsində həmkarına məlumat verdi.
www.yenicag.az