“Belə görünür ki, xarici işlər naziri öz fəaliyyətini prezident İlham Əliyevin təlimatlarına uyğun qurmayıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında xarici işlər naziri Elmar Məmmədyarov haqqında səsləndirdiyi fikirləri şərh edən xarici siyasət idarəsinin sabiq rəhbəri Tofiq Zülfüqarov deyib.
Tofiq Zülfüqarovun fikrincə, dövlət baçşçısının nazirin fəaliyyət və davranışını bu şəkildə sərt tənqid etməsi Məmmədyarovun hökmünün verilməsi kimi də anlaşıla bilər:
“Bilirsiniz, çox təəssüf ki, Xarici İşlər Nazirliyinin fəaliyyətinin qiymətləndirilməsində yeni, həm də neqativ elementlər yaranıb. Söhbət Nazirliyin adının korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi kimi cinayətlərdə hallandırılmasından gedir.
Eyni zamanda, nazirin fəaliyyəti ilə bağlı da cəmiyyətdə həm narazılıq, həm də xeyli suallar var. Prezidentin naziri belə açıq və sərt tənqid etməsi əlbəttə ki, səbəbsiz deyil. Belə görünür ki, xarici işlər naziri öz fəaliyyətini prezident İlham Əliyevin təlimatlarına uyğun qurmayıb.
O baxımdan, obrazlı şəkildə ifadə etsək, Elmar Məmmədyarovun hökmünün verildiyini deyə bilərik”.
A.Zeynalov