Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Yenicag.az xəbər verir ki, komitə sədri Musa Quliyev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb. O qeyd edib ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.
Komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 14 iclası keçirilib, ümumilikdə 23 məsələyə baxılıb.
Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə ümumilikdə 570 sənəd, o cümlədən vətəndaşlardan 337 ərizə, nazirliklərdən və idarələrdən 233 cavab məktubu daxil olub.
Daha sonra Musa Quliyev gündəliyin ikinci məsələsi – Əmək və sosial siyasət komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, növbəti sessiyada, əsasən, büdcə məsələləri müzakirə ediləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə ictimai dinləmələrin və geniş müzakirələrin təşkili nəzərdə tutulur.
Müzakirələr zamanı komitə sədrinin müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Səttar Möhbalıyev, Jalə Əliyeva, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova, Nigar Məmmədova, Əziz Ələkbərov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.
İclasın sonunda ötən sessiyada görülmüş işlər məqbul hesab edilib və komitədə 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.